İqtidar-müxalifət münasibətlərində yeni mərhələ - Siyasi açılım
11-03-2020, 18:18

Azərbaycan Prezidenti İlham Əliyev yeni formalaşan Milli Məclisin ilk iclasında çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub.
Prezidentin toxunduğu məsələlər arasında iqtidar-müxalifət əməkdaşlığı da diqqətçəkən əsas məqamlardan olub.
“Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır. Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir”,-deyə ölkə başçısı çıxışında bildirib.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də məsələyə münasibətində qeyd edib ki, siyasi partiyalarla bağlı qanun yeni variantda hazırlanır:
“Milli Məclis yeni qanun layihələri üzərində işləyəcək. Cənab Prezident də bu gün qeyd etdi ki, pozitiv fəaliyyətdə olan bütün siyasi partiyalar ölkədəki proseslərə cəlb olunmalıdır”.
Göründüyü kimi, iqtidar-müxalifət münasibətləri yeni mərhələyə keçir. Bu, həm də iqtidar-müxalifət əməkdaşlığına zəmin yaradır. Proses davamlı aparılır və artıq bir sıra müxalifət təmsilçiləri, partiya rəhbərləri ilə görüş keçirilib. Belə məqamda müxalifətin nə düşündüyü, hansı münasibəti sərgiləyəcəyi maraq doğurur.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, iqtidar-müxalifət əməkdaşlığı çox vacib məsələdir:
“Bu əməkdaşlıq gərək 1993-cü ildən başlayardı. Biz artıq xeyli gecikmişik. Prezidentin səsləndirdiyi bu bəyanat cəmiyyətdə xeyli dəyişikliklərə gətirib çıxara bilər. Amma bu əməkdaşlıq yenə də formal xarakter daşıyacaqsa, düşdüyümüz vəziyyətə heç bir təsiri olmayacaq. Əvvəla, bu əməkdaşlıq konkret məsələlər ətrafında olmalı, Prezident səviyyəsində partiya sədrləri ilə görüş keçirilməlidir. Bu, indiyə qədər olan iqtidar-müxalifət düşmənçiliyini aradan qaldırmalıdır. Partiyalara Azərbaycan qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə şərait yaradılmalıdır. Çoxpartiyalı sistem dəstəklənməlidir. Bundan sonra da milli problemlərin həllində birgə irəliləmək lazımdır. Bununla yanaşı, yeni parlament seçkiləri keçirərək siyasi partiyaların Milli Məclisdə təmsil olunmasına nail olmaq vacibdir. Əslində parlament özü siyasi münasibətlərin güzgüsü olmalıdır. Amma faktiki olaraq Parlamentdə müxalifət təmsil olunmur ki, bu da sözügedən münasibətlərə öz mənfi təsirini göstərir”.
AĞ Partiyanın sədri Tural Abbaslı da hakimiyyətin bu addımını müsbət qiymətləndirib. Bildirib ki, bu addımdan sonra konkret işlər görülməlidir:
“Ümumiyyətlə, hər zaman o fikirdə olmuşam ki, iqtidar-müxalifət əlaqəli, ünsiyyətcil formada fəaliyyət göstərməlidir. Münasibətlərdə dərin çökəklər yaranmamalıdır. Ünsiyyət olmadıqda, problemlər daha da qabarır, böyüyür və yeni mərhələyə keçir. Ancaq ünsiyyət, əlaqə olanda, sivil iqtidar-müxalifət münasibətləri formalaşanda bu, hər kəs üçün faydalı olur. Təəssüf ki, bu günə qədər bizdə iqtidar-müxalifət rəqib yox, az qala düşmən münasibətində idi. Qalib gəlmək əvəzinə məhv etmək, sıradan çıxarmaq yolu seçilmişdi. Bu isə əslində yürüdülən siyasətin nəticəsi idi. Müxalifət də qarşılığında eyni münasibəti göstərirdi. Bu isə arada düşmənçilik yaradırdı. Vəziyyət o həddə çatmışdı ki, artıq üçüncü şəxslərin vasitəsilə görüşlər keçirilirdi. İqtidar-müxalifət dialoqlarını ATƏT təşkil edirdi. İndi isə vəziyyət fərqlidir. Təbii ki, Prezidentin bəyanatları müsbətdir. Nəticə necə olacaq, bunu artıq zaman göstərəcək. Ədalət Vəliyev bir-bir siyasi partiyalarla görüşür, fikir mübadiləsi aparır. Bunun özü də müsbət haldır. Bəyanatlar yaxşıdır, ilkin addımı da müsbət qiymətləndirirəm. Amma bu görüşlərdən sonra konkret addımlar olmalıdır ki, insanlar bunun sadəcə bəyanat, vaxt qazanmaq olmadığını bilsin. Bu, birbaşa iqtidar-müxalifət-xalq münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılmış addımlardır”.