Cahandar BAYOĞLU: 1993 il 4 iyun, Azərbaycan adlı Türk dövlətinə, Türklüyə qarşı Türk düşmənlərinin atəş açdığı gün.
4-06-2020, 02:00

1993 il 4 iyun Milli Başkənd Gəncədən Azərbaycan adlı Türk dövlətinə, Türklüyə qarşı Türk düşməni güclərin, əllərində böyüyən uşaqların atəş açdığı gün.
O gün, sabah Prezident Qvardiyasının Komandanı dostumuz Albay Tahir bəyin istəyi ilə, AXC Sədrinin yardımcısı Ülvi bəy Həkimoğlu və mən nələrin baş verməsini bilmək üçün Gəncə şəhərinə Əsgəri helikopterlə uçmalı olduq.
Gəncə hava alanının dövlət güclərində olmamasından xəbərsizdik. Bizi avtobusla Gəncəyə aparırdılar. Silahlı əsgər geyimlilər yolda Tahir bəyin kimliyini bilib, avtobusdan bizləri endirdilər. Tahir bəy və 8 qvardiya əsgəri bilmədiyimiz tərəfə aparıldı. Mən və Ülvi Həkimoğlu sivil geyimdə olduğumuzdan bizim kimliyimizi bilmədilər. Amma, kalaşnikov makinasından başımızın üstündən mərmilər yağdırmağı unutmadılar. Biz ikimiz polis bölməsinə gəldiyimizdə yasal polisə aidiyyatı olmayan
Ayaz Niyazoviç zamanında Polisdə işləyənlərin ora toplandığını, Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin çəmbərə alındığını görüb, Xalq Cəbhəsinin yerli şöbəsinə getdik. Durumun nə yerdə olduğunu öyrənmək imkanı əldə etdik. Dövlətə hərbi qiyam qaldıranların hər yeri ələ keçirdiklərinin, qiyama qarşı olan qüvvələrin xəyanətinin şahidi olduq. Qvardiyanın komandanı Tahir bəy və əsgərlərinin, Sürətin əmri ilə qətlə yetirilmələri Dövləti və Milləti sarsıtdı. Gecəni cəbhəçi olan bir taksi sürücüsünün evində qaldıq, telefonla durumla bağlı Prezident Elçibəyə bilgi verdik. Sabah Samux İcra Hakimiyyətinə getdik, oradan ayrılmağımızı istədilər. Biz kənd yolları ilə Yevlaxa gəldik. Bizdən 30 dəqiqə sonra Samux Rayon Prokurorunun biz olan yerdə güllələndiyi xəbərini eşitdik.
Yevlax, hərbi qiyamın kitab kimi oxunan yeri idi. Sürət adına erməni-rus çətəsinin əsgərləri Bakıya doğru gəlirdi. Prezident aparatının Müşavirlərindən biri Tərtərdə toplantı keçirirdi, Ülvi bəy də toplantıya qatıldı. Mən İcra hakimiyyətində yerli dövlət qurumlarının qorxusuz işləmələrinə çalışırdım. Ülvi bəy görüşdən qayıdanda Tərtər İcra hakimiyyətində olan toplantı daha çox Elçibəyin ittihamına yönəldiyini, xəyanət içərisində olduğumuzu söylədi. Yevlaxda yerli dövlət qurumlarını işlək hala salıb, şəhərin savunmasını təşkil etdiyimiz zaman, komandanı kimlərdən alındığı bilinməyən silahlı birləşmələr Yevlaxa daxil oldular. Provokasiyaların olduğu bəlli idi. Telefon danışığında Prezident Elçibəy bizim həmən Bakıya dönməyimizi əmr etdi. Biz iyun ayının 7 də Bakıya döndük.
Hakimiyyət strukturları ifliç olmuşdu. Kimisi prezidenti öldürməklə hədələyirdi, kimlərsə Prezidenti istefa etməyə səsləyirdi. Aydın olan o idi ki, Gəncə bir bəhanə idi. Prezidentlik uğrunda qızmış qafalar ağalarından əmr alıb yarışa girmişdilər. Qiyamı yatırtmak üçün, biri baş nazir olaram güc strukturları mənə tabe olsun, biri də Prezident səlahiyyətlərini mənə(Spikerə)versin qiyamı yatırım, sonra onu postuna yenidən gətirərəm deyirdi.(o dövrün başbakanı sonralar açıqlamalarında bunu etiraf edirdi). Prezident öldürüldükdən sonra dəfn komissiyası da yaradılmışdır. Dəfn komissiyasına yaşı 90-a yaxınlaşan Prezidentlik sözü verilənlərdən biri olan İmam Mustafayev, Gəncə-Bakı arasında qəhrəmana çevrilmişdi. Gəncədə Sürətin Başkanlığında yeni hökümət qurulmuşdu. Sonralar onların bir çoxu bakan oldu, görəv verilməyən tək Şadman Hüseyinovdu. Qiyamı yatırmağı düşünən yox idi, hər kəs qiyamdan yararlanıb hakimiyyət pilləsində necə yüksələrəmin hesabını aparırdı. Moskva Vətəndaş müharibəsini törətməyin fitilini çəkmişdir. Rus ordusu yenidən Azərbaycana gələcəyi günü gözləyirdi. Rusiyanın bütün gizli servis, təxribatçı qüvvələri Bakıda yerləşmişdi. Prezidenti öldürməyin məqamı gözlənilirdi.
Hədəf Azərbaycan dövlətçiliyinin, milli iradənin məhv edilməsi idi.
Prezidenti savunan bir quruluş, görəvli kimsə qalmamışdı. Qorumanlarından başqa. Sonralar məlum olacaq ki, Prezident Qvardiyasının Komandirinin Gəncəyə göndərilməsi Prezidentin bilgisi dışında olub. Dövləti qoruyan siyasi iradə yoxdur. Hər yer Prezidentdən görünsə də ondan deyildi. Ayrı ayrı fərdlər Prezidenti qorumağa ölümünə hazırdı. 27 il öncə, bu günlər belə bir durum yaşanırdı. Hadisələr 15 iyun Məclisə yeni Sədrin seçilməsinə doğru gedirdi.
(Ardı davam edəcək)
P. S
27 ildi bu gün gündəm olur. 2700 il yebede də gündəm olacaq. Amma illər keçdikçə Dövlətimiz daha da böyüyecək və daha da güclənəcək. Elçibəy adı sevilərək tarix olmaqda davam edəcək. 1993 ilin macəraçı siyasətçiləri toza dönəcəklər. Çar Rusiyasından bu yana Moskvaya uşaqlıq edənləri millət daha yaxından tanıyacaq. Bu uşaqların nəsilləri babalarının onlara pis bir miras qoyduqlarının fərqində olub, onları lənətləyəcək.
P.S.S
Əldə etdiyim bilgiyə görə Prezident Qvardiyasının bir Qrup əsgəri Cinayəti açıq qalmış Komandan Tahir bəy və 8 Qvardiya əsgərinin qətlə yetirilməsi ilə bağlı Sürət Hüseyinova cinayət işinin açılması üçün Baş Prokurora müraciət hazırlayır.
Cahandar BAYOĞLU
Turan Partiyası GK Başqanı