İlham Əliyevin təklifləri yerinə yetirilsə, iqtisadiyyata qlobal təsirlər neytrallaşdırılacaq - deputat
19-01-2016, 14:20
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə səsləndirdiyi təkliflərin yarısı aidiyyatı qurumlar tərəfindən yetinə yetirilsə, ölkə bu vəziyyətdən çıxa bilər.
Trend-in məlumatına görə, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışında deyib.
Ə.Məsimli bildirib ki, dövlət başçısı hər iki iclasda 30-a qədər çox qiymətli təklif irəli sürdü: “Prezident İlham Əliyev həmin təkliflər içərisində sosial məsələləri bir nömrəli hesab etdi, həmçinin, manata inamın qaytarılması məsələsini vurğuladı. Çünki manat iqtisadiyyatın güzgüsüzür. Bu məsələlər bu günki sənəddə əksini tapıb. Prezident İlham Əliyevin səsləndirdiyi digər məsələ struktur islahatlarıdır ki, onlar da çox əhəmiyyətlidir”.
Ə.Məsimli bildirib ki, bu təkliflərin 15-i yerinə yetirilsə, 2016-cı ildə, maksimum 2017-ci ilin 1-ci yarısında Azərbaycan iqtisadiyyatına olan qlobal təsirləri neytrallaşdırmaq və yeni iqtisadi keyfiyyətə nail olmaq mümkün olacaq: “Əgər yerinə yetirilməsə, bu məsələ bir neçə il uzanacaq. Burada ən mühüm məsələlərdən biri də inhisarçılığın tamamilə aradan qaldırılmasıdır”.