“Qoyun, rahat gəlib pullarını xərcləsinlər!” - deputat
19-01-2016, 15:56

“Bu gün biz sahibkarı qulluq mənafelərini aşmağa görə cinayətə məsuliyyətinə cəlb edirik. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. “İndiyə kimi bəs niyə sahibkarlara mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olumurdu?”- deyən millət vəkilinin sözlərinə görə, əgər sahibkar vergidən yayınacaqsa, buna görə məsuliyyətə cəlb edilə bilər: “Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq”.
Q. Həsənquliyev eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını təklif edib: “İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, rahat gəlib inkişaf etmiş ölkələrin vətəndaşları burda pullarını xərcləsinlər. Turizm inkişaf etsin. Eyni zamanda vaxtıdır ki, artıq bir sıra dövlət qurumları özəlləşdirilsin”.
İclasda çıxış edən millət vəkili Əli Məsimli də bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə səsləndirdiyi təkliflərin yarısı aidiyyatı qurumlar tərəfindən yerinə yetirilsə, Azərbaycan bu vəziyyətdən çıxa bilər: “Prezident hər iki iclasda 30-a qədər çox qiymətli təklif irəli sürdü. Həmin təkliflər içərisində sosial məsələləri bir nömrəli hesab etdi, həmçinin manata inamın qaytarılması məsələsini vurğuladı, çünki manat iqtisadiyyatın güzgüsüdür. Təkliflərin 15-i yerinə yetirilsə, 2016-cı ildə, maksimum 2017-ci ilin 1-ci yarısında Azərbaycan iqtisadiyyatına olan qlobal təsirləri neytrallaşmaq və yeni iqtisadi keyfiyyətə nail olmaq mümkün olacaq. Yerinə yetirilməsə, bu məsələ bir neçə il uzanacaq. Burada ən mühüm məsələlərdən biri də inhisarçılığın tamamilə aradan qaldırılmasıdır”.