“Minsk qrupunun həmsədrləri özlərini axmaq yerinə qoyublar” - Deputat
24-01-2016, 14:22
"ATƏT-in Minsk qrupunun həmsədrləri son bəyanatınla əslində özlərini axmaq yerinə qoyublar".
Modern.az saytı xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib.
Deputatın sözlərinə görə, Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu yaydıqları son bəyanatda Avropa Şurası Parlament Assambleyasına təzyiq göstərməyə çalışıblar.
“Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdən bu şəxslərin soyadları fərqli olsa da, sırf erməni maraqlarından çıxış etdikləri artıq göz qabağındadır. Guya, Assambleyanın yanvar sessiyasında Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktının qəbul olunması Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bundan ATƏT-in Minsk qrupunun üzvləri xeyli narahat olublar. Əslində isə bu bəyanatla ATƏT-in hər üç həmsədri özlərini axmaq yerinə qoyaraq problemin Dağlıq Qarabağ münaqişəsi deyil, məhz Ermənistanın öz himayədarlarına arxalanmaqla Azərbaycan torpaqlarını işğalı olduğunu diqqətdən kənarda saxlamağa çalışırlar. Artıq özlərini ermənilerin himayədarı kimi ifşa etmiş bu siyasi dələduzların Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymaq üçün rəsmi məqamlarımız ən sərt addımları atmaqdan çəkinməməlidirlər”, - deyə F.Musatafa bəyan edib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyəti təşkilatın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 30-dək Strasburqda səfərdə olacaq.
Toplantıda “Dağlıq Qarabağ və Sərsəng su anbarı” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir” adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul ediləcək.