“Paşinyanın xəstə özünəvurğunluğu...” - Baş nazirə yeni ittihamlar

2-12-2020, 00:29           
“Paşinyanın xəstə özünəvurğunluğu...” -
Ermənistan siyasi elitasında didişmə davam edir. Qarabağ müharibəsindəki darmadağının günahını bir-birinin üzərinə atan siyasi qüvvələr açıq təhqir və şantajdan belə çəkinmirlər.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Ermənistanın və qondarma rejimin sabiq rəhbərlərinin Paşinyanın ünvanına səsləndirdikləri ittihamlar yer alıb. Onlar baş naziri əsas etibarilə müharibəni vaxtında dayandırmamaqda, daha az itkilərlə kapitulyasiyanın mümkünlüyünü anlamamaqda və onların məsləhətlərinə qulaq asmamaqda ittiham edirlər.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan öz “şef”inin mövqeyindən çıxış edərək bildirib ki, Paşinyan hələ oktyabrın ortalarında qondarma rejimin və Ermənistanın sabiq prezidentlərinin dərhal atəşkəsə nail olunması tələblərinə məhəl qoymayıb: “Təəssüf ki, Paşinyanın xəstə özünəvurğunluğu onun bu addımın vacibliyini dərk etməsinə imkan vermədi.”

Qeyd olunur ki, qondarma rejimin başçısı Araik Arutunyan hələ oktyabrın 19-da atəşkəs elan olunması və danışıqlara başlanması xahişinin əks olunduğu rəsmi müraciətlə çıxış etmək fikrində olub və bunu Paşinyana bildirib. Yəni, kapitulyasiya elan olunmasını istəyib. Özü də bu addımı qondarma rejimin əvvəlki rəhbərləri və Ermənistanın sabiq prezidentləri Ter-Petrosyan, Köçəryan və Sarqsyanla razılaşdırdıqdan sonra atıb. Lakin Paşinyan həmin müraciətin elan olunmasına imkan verməyib. Həmin vaxt baş nazir bildirib ki, Azərbaycan rəhbərliyinin sərt mövqeyi bu müraciəti mənasız edir.

Sonradan bu məsələyə toxunan Paşinyan həmin vaxt, yəni oktyabrın 19-da məsələ ilə bağlı Vladimir Putinlə danışdığını, müharibəni dayandırmağa razı olduğunu bildirib. Rusiya prezidenti isə ona cavabında İlham Əliyevlə danışacağına söz verdiyini deyib: “Lakin sabahısı gün Bako Saakyan və Arkadi Qukasyan(qondarma qurumun sabiq rəhbərləri-red.) sabiq prezidentlərin adından mənə dedilər ki, Qarabağın statusu məsələsi həll edilmədən, hər hansı razılaşmaya getmək olmaz”.

Bununla da Paşinyan müharibəni vaxtında dayandırıb, daha az itki verilməsi şansını əldən qaçırdığına görə ona yönələn ittihamlardan yayınmağa çalışıb. Lakin sabiq prezidentlər onu yalan danışmaqda ittiham edirlər.

Levon Ter-Petrosyanın sözçüsü bildirib ki, onlar həmin vaxt hətta Paşinyanı təslimçilik razılaşmasını imzaladığına görə rəsmən müdafiə etməyə hazır olublar. Ancaq o, bu təkliflərdən imtina edib.

Bir sözlə, Ermənistanda bu gün müzakirə olunan əsas mövzu “niyə vaxtında az itkilərlə təslim olmadıq” sualı üzərində qurulub. Paşinyan buna görə günahı qondarma rejimin rəhbərlərinin və sabiq prezidentlərin üzərinə atır, onlarsa baş naziri günahlandırırlar. Didişmə davam edir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.