“Azərbaycan dövləti Araik Arutunyan məsələsinin həllinə də nail olacaq”-RƏY

3-12-2020, 19:12           
“Azərbaycan dövləti Araik Arutunyan məsələsinin həllinə də nail olacaq”-RƏY
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi texnikasının 85 faizini, ordusunun böyük bir hissəsini sıradan çıxardı.

Vəziyyətin daha da ağırlaşacağını görən Ermənistan rəhbərliyi təslim olduğunu bildirdi və nəticədə 10 noyabrda üçtərəfli atəşkəs sazişi imzalandı. Lakin 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra da Dağlıq Qarabağdaki separatçıların "rəhbəri" Araik Arutunyan özü kimi terrorçuları Xankəndiyə toplamağa davam edir.

Araik Arutunyan 2 noyabrda sosial şəbəkədə yazdığı məlumatda bildirib ki, Vitali Balasanyanı “Təhlükəsizlik Şurasının katibi” postuna, Mane Vanya Tandilyanı isə “əmək, sosial məsələlər və mənzil naziri” vəzifəsinə gətirib.

Maraqlıdır, hərbi gücü sıradan çıxmış Ermənistanın vəziyyəti ortada olduğu halda, Araik Arutunyan nə etməyə çalışır?
Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında deyib ki, Dağlıq Qarabağla bağlı növbəti siyasi mərhələ başlananda Arutunyan və onun kimi cinayətkarların məsələsinə baxılacaq: “Noyabr ayının 10-da üçtərəfli atəşkəs sazişindən sonra Qarabağa Rusiya sülhməramlıları yerləşdirildi və onların funksiyaları Dağlıq Qarabağda savaş tərəfləri arasında sülhsevər mövqe tutmaqdır. Sülhməramlılar saziş əsasında üzərlərinə düşən bəzi vəzifələri yerinə yetirib və yetirməyə davam etdikləri görünür. Necə davam edəcəyini də zaman göstərəcək. Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə çıxışlarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O ki qaldı Araik Arutunyana, onun əməllərini iki istiqamətdə dəyərləndirmək lazımdır. Birincisi, onun Dağlıq Qarabağdakı fəaliyyəti qanunsuzdur. Atəşkəs sazişindən sonra da Prezident İlham Əliyev Dağlıq Qarabağın xüsusi statusunun olmadığını bildirdi. Bu da bir daha Araik Arutunyanın fəaliyyətinin qanunsuz olduğunu sübut edir. Yəqin ki, Azərbaycan dövləti növbəti siyasi mərhələdə o məsələnin də həllinə nail olacaq. Çünki hələlik hərbi konteksdən də məsələlər tam həllini tapmayıb. Yəni Türkiyə sülhməramlıları hələlik bölgəyə yerləşdirilməyib. Onlar yerləşdirildikdən sonra məsələlər siyasi müstəviyə keçəcək. Ondan sonra bu məsələlərin həllini tapacağını düşünürəm Hesab edirəm ki, bunu çox da uzatmaq lazım deyil. İkinci tərəfdən, Arutunyan, Balasanyan kimi terrorçuların Qarabağa yığışması bir tərəfdən bizi qıcıqlandırsa da, digər tərəfdən onlar haqqında Azərbaycanda cinayət iki başladılıb və axtarışa veriliblər. Bu cinayətkarlar elə orda ya beynəlxalq hüququn əli ilə, ya da Azərbaycanın hüquq- mühafizə orqanları tərəfindən həbs edilib cəzalandırılmalıdırlar. Yəni onların bir yerə yığışmnasının tək müsbət cəhətinini bunda görürəm”.

Politoloq qeyd edib ki, Araik Arutunyan Ermənistandakı və daxildəki bəzi rövanşist qüvvələrə guya hələ də mübarizənin davam etdiyi mesajını vermək istəyir:

“44 günlük Vətən müharibəsi dünya erməniliyinə və erməni faşizminə ciddi zərbə vurdu. Ermənistanda yeganə bir struktur var idi ki, ermənilik bunun üzərində qurulmuşdu. Bu struktur erməni ordusu idi. Bu məsələni də Azərbaycan əsgəri həll etdi və 44 gün ərzində Ermənistan ordusu dağıldı. Bu, erməni faşizminə və dünya ermənilərinə vurulan zərbə oldu.

Bunu dəqiq şəkildə anlamalıyıq. Araik Arutunyanın indiki addımlarına, o, Vitali Balasanyan kimi bir cinayətkarı vəzifəyə təyin etdiyini deyir. Vitali Balasanyan I Qarabağ Müharibəsinin ən qəddar və cani komandirlərindən biri olub. Əsgəran doğumlu olan bu şəxs daha çox I Qarabağ Savaşında əsirlərin qaytarılması və meyitlərin təhvil verilməsi yolu ilə öz biznesini qurmuş bir cinayətkardır. O, I Qarabağ Müharibəsi zamanı əsirlərin qaytarılması və meyitlərin qarşı tərəfə verilməsi qarşılığında xeyli pullar yığıb. Onun rəhbərlik etdiyi cinayətkar qruplaşmalar Azərbaycan torpaqlarını işğal edən zaman xüsusi qəddarlıqları ilə fərqləniblər. II Qarabağ Savaşında Balasanyan qorxusundan Dağlıq Qarabağa da gəlmədi. İndi isə bu ərazilərdə peyda olub. Hesab edirəm ki, Azərbaycan hökuməti növbəti mərhələdə bunun üzərinə düşəcək və Rusiyanın Dağlıq Qarabağda yerləşdirilən hərbi rəhbərliyi ilə bu barədə danışıqlar aparılacaq. Bu cinayətkarların belə nümayişkaranə şəkildə guya hansısa məsələlərdə rol almasının qarşısı kəsiləcək”.
Əli Bədir












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.