Ermənilərin Hadrut ağısı-göz yaşları ona görə qurumur ki... - TƏHLİL

30-12-2020, 09:09           
Ermənilərin Hadrut ağısı-göz yaşları ona görə qurumur ki... - TƏHLİL
Ermənilərin dekabr ayında ikinci dəfə Hadrut istiqamətində Azərbaycan Ordusunun mövqelərinə silahlı hücum təşkil etməsi müharibənin bitdiyi, Qarabağ bölgəsinə rus sülhməramlılarla bərabər qalıcı sülhün gəlməsi haqda danışımağın tez olduğunu bir daha göstərdi. 44 gün davam edən, Ermənistan üçün ağır itkilərlə nəticələnən genişmiqyaslı müharibədən sonra silahlı tör-töküntülərinin ortaya çıxacağı, lokal toqquşmaların olacağı gözlənilən idi. Bu hücumların isə yenidən məhz Hadrut istiqamətində baş verməsi səbəbsiz deyil.

Dağlıq Qarabağ münaqişəsi başlayanda -1988-ci ildə Hadrutun ərazisi 679 kv.km, əhalisinin sayı isə 14 min 487 nəfər olub. Hadrut rayonu Azərbaycan Ali Sovetinin qərarı ilə 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi, eləcə də 48 yaşayış məntəqəsi Xocavənd rayonunun tərkibinə verilmişdi.

Hadrutun işğal tarixi 2 oktyabr 1992-ci il göstərilib, amma bu rəsmi olaraq belədir. Ermənilər illərlə azərbaycanlıların Hadrutdan sıxışdırılması siyasətini aparıblar. 1979-cu ilin siyahısına inansaq, Hadrutda əhalinin 84 faizi erməni, 15 faizi isə azərbaycanlılar olub (qalan 4 faiz isə ruslar və ukraynalılar). 2005-ci il siyahıya alınmasında isə əhalinin 99,9 faizini təbii ki, ermənilər təşkil edib.

Hadrut Dağlıq Qarabağın həm də giriş qapısıdır. Azərbaycan Ordusunun da Vətən müharibəsində müzəffər yürüşü məhz Hadrutun işğaldan azad edilməsi ilə başladı. Hadrutun itirilməsi sırf hərbi planda cəbhənin cənub hissəsində idarəetmənin itirilməsi demək idi. Hadrutun azad edilməsi ermənilər üçün təkcə mənəvi şok deyildi, həm də Azərbaycanla gedən müharibədə ilk ciddi məğlubiyyət idi.

Ermənilər “isti-isti” də necə bir strateji ərazini itirdiklərinin fərqində idilər, amma Hadrutda Azərbaycan bayrağının dalğalanması günlər keçdikcə onlar üçün sağalmaz mənəvi və psixoloji yaraya çevrilir.

Hadrut istiqamətində hücumların əsas səbəbi həm də budur. Hadrut erməniləri İrəvanda aksiyalar keçirirlər, 10 noyabr sazişində Hadrutla bağlı düzəliş edilməsini istəyirlər. Ermənilərin bu istiqamətlərdə dağlarda və meşələrdə gizlənmək və mövqelərimizə hücum etmək imkanları var. Eyni zamanda ermənilərin PKK-dan təlimlər almış silahlılarının olduğu da deyilir. Məlumatlara görə, errmənilər PKK-nın Türkiyə silahlı qüvvələrinə qarşı illərdir həyata keçirdiyi terror taktikasını tətbiq etmək qərarındadırlar. Bəs onlar “PKK yolunu” seçərək Azərbaycanla bu cür mübarizə apara bilərlərmi? Hadrutun strateji və ermənilər üçün “mənəvi önəmi” nədir ki, onlar Hadrutun Azərbaycan tərəfindən azad olunmasını həzm edə bilmirlər?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, separatçı ermənilər Hadrutu əldən verməklə Dağlıq Qarabağın statusunu itiriblər. Çünki Hadrut Dağlıq Qarabağ vilayətində ən böyük rayon idi və ermənilər üçün Dağlıq Qarabağın statusunu tamamlayan başlıca “atributlardan” biri hesab olunurdu: “Hadrut və Xocavəndin bir hissəsi Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra ermənilər görürlər ki, Dağlıq Qarabağ dedikləri ərazi ən azı iki dəfə kiçilib. Bu isə erməniləri ciddi surətdə yandırır, özlərini ”əsas qalalarından biri"ni itirmiş kimi sınıq hiss edirlər. Bunun təsiri altında da aqressivləşirlər, hər cür terrorçuluğa əl atmağa hazırdırlar. Ona görə də oraya sızmaq və burada “partizan müharibəsi” taktikasını həyata keçirmək istəyirlər. Ermənilərin bu fəaliyyətinə Rusiya sülhməramlıları da ya göz yumurlar, ya da qəsdən şərait yaradırlar. Ermənilər 10 noyabrda məlum üçtərəfli bəyanat imzalanandan bir-iki gün sonra “partizan müharibəsi”nə başlayacaqlarını elan edirdilər".

Politoloq vurğuladı ki, Azərbaycan Ordusu Hadrutda çox ciddi möhkəmlənməlidir. Ermənilər “vur-qaç” taktikasından PKK kimi geniş və uzun müddət istifadə edə bilməzlər. Çünki faktiki olaraq onlar mühasirədə olan bir şəraitdə “mübarizə” aparırlar. Ona görə də Azərbaycan Ordusu tərəfindən tez yaxalanırlar: “Deməli, biz antipartizan müharibəsinin elementlərini işləyib hazırlamalıyıq. Birincisi, Ermənistanla sərhədlər möhkəmlənməli, çox ciddi nəzarətə götürülməlidir. Ən əsası da Laçın dəhlizi üzərində Azərbaycanın nəzarəti təmin edilməlidir. Çünki ruslar erməniləri Laçın dəhlizindən buraxırlar və səpələyirlər. Rusiyanın sülhməramlı qüvvələrinin dəqiq statusu müəyyənləşdirilməlidir. Rusiya sülhməramlıları Türkiyə hərbçiləri ilə birlikdə fəaliyyət göstərməlidirlər. Bütün postlarda Türkiyə hərbçiləri də olmalıdır. Laçın dəhlizində Ermənistandan Azərbaycana daxil olan buraxılış məntəqəsində mütləq Azərbaycan Ordusunun, sərhəd xidmətinin əsgərləri dayanmalıdırlar ki, ölkəmizin ərazisinə daxil olanların kimliyini, nə ilə daxil olduğunu yoxlasınlar. Yəni ölkənin bir giriş-çıxış məntəqəsini indiki kimi başlı-başına açıq qoyub, yalnız rusların öhdəsinə buraxmaq olmaz. Bu, gələcəkdə daha ciddi problemlərlə üz-üzə qalmağımıza səbəb olar. Artıq məşhur siyasi analitik Maksim Şevçenko həyəcan təbili çalır ki, ruslar erməniləri üçüncü Qarabağ müharibəsinə hazırlayır. Laçın dəhlizindən keçidin bizim nəzarətimizdən kənarda qalması bu hazırlıqların aparılması üçün ən böyük şəraiti yaradır. Bir sözlə, görürük ki, vəziyyət kritik istiqamət alır. Bunun qarşısını almağın yollarının bir qismini isə yuxarıda qeyd etdik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru