ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir - Peskov

25-01-2021, 00:02           
ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir - Peskov
Rusiya Prezidentinin mətbuat katibi Dmitrii Peskov yanvarın 23-də keçirilən icazəsiz aksiyalar barədə ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı açıqlamanı Rusiyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

APA-nın məlumatına görə, D. Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib ki, ABŞ səfirliyi Rusiyanın 38 şəhərində keçirilən aksiyalar barədə xəbərləri izlədiklərini, dinc aksiyaları və ifadə azadlığını dəstəklədiklərini, hakimiyyətin həyata keçirdiyi tədbirlərin isə bu hüquqların qarşısını almağa yönəldiyini bildirib.

D. Peskov qeyd edib ki, bu, qeyri-korrekt münasibət, dolayı yolla Rusiyanın daxili işlərinə müdaxilə, ölkədə qanunların pozulmasına dəstəkdir: “Əgər Rusiya səfirliyi ABŞ-da iğtişaşlar davam edən zaman bu formada münasibət bildirsəydi, bu, Vaşinqtonda müəyyən diskomfort hissi yaradardı. Ona görə də həmkarlarımıza həmişə bu situasiyalarda özlərini təsəvvür etmələrini məsləhət görürük”.

D. Peskov yanvarın 23-də Moskva və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayının Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərlə müqayisə çox az olduğunu vurğulayıb: “Hazırda bir çoxları icazəsiz aksiyalara çoxlu sayda insanın çıxdığını söyləyir. Xeyr, aksiyalara az insan çıxıb, insanların çoxu Putinə səs verir. Eyni zamanda insanların çoxu Konstitusiyaya dəyişikliklərə səs verib. Əgər rəqəmlər müqayisə olunsa, aksiyalarda iştirak edənlərin sayının nə qədər az olduğunu anlayarsınız. Bütün fikirlərə hörmətlə yanaşırıq, ancaq qəti olaraq qanunsuz aksiyalara qarşıyıq”.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ səfirliyinin açıqlamasının ikitərəfli münasibətlərə neqativ təsir göstərdiyini bəyan edib.

Qeyd edək ki, dünən rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.