Kreml yeni savaşa təhrik edir: İkibaşlı oyunun məqsədi nədir? - GƏLİŞMƏ

28-01-2021, 11:03           
Kreml yeni savaşa təhrik edir: İkibaşlı oyunun məqsədi nədir? - GƏLİŞMƏ
Dağlıq Qarabağla bağlı aktiv hərbi əməliyyatlar dayandıqdan sonra məsələnin siyasi hər mərhələsi başlayıb.

Siyasi həll mərhələsi isə Bakı vaxtı ilə 10 noyabrda imzalanan bəyannamə əsasında aparılır. Özünün sülhyaratma prosesinin əsas iştirakçısı kimi təqdim edən Rusiya nədənsə öz vədlərinə və bəyannamənin tələblərinə sadiq qalmır. İstər Qarabağdan silahlı erməni terrorçularının sülhməramlılar tərəfindən çıxarılması, istərsə də terrorçu Araik Arutyunyanla münasibətlər Rusiya Azərbayacanın mövqeyinə zidd olan addımlar atır.

Bütün bunlardan başqa Rusiyanın dövlət başçısının status- kvo məsələsindən söz açması və bunun gələcəkdə həllini tapacağını deməsi Azərbaycan ictimaiyyətində və rəhbərliyində haqlı etiraza səbəb olur. Digər tərəfdən Rusiya Minsk qrupunun yenidən dirçəldilməsi üçün şərtlər hazırlayır, erməniləri silahlandırması haqqında məlumatlar yayılır, erməni hərbçilərinə təlim keçir. Bütün bunlar Rusiyanın ikibaşlı siyasətindən xəbər verir.

İndi də Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonov Xankəndinə gəlir və terrorçu Araik Arutyunyanla görüşür. Milonovun başqa bir təxribatçı hərəkəti erməni KİV-lərinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərdir.

Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib və Rusiya Dövlət Dumasının üzvü V.Milonovun atdığı növbəti təxribatçı addımın Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. Eyni zamanda Azərbaycan hökuməti Milonovu “arzu olunmayan şəxslər” siyahısına daxil edib. Məlum olduğu kimi, Milonov təmsil etdiyi partiyanın, Dövlət Dumasının və Qarabağdakı rus sülhməramlılarının icazəsi olmadan Xankəndinə səfər edə bilməz. Bu da onu deməyə əsas verir ki, Rusiya ikibaşlı siyasət aparır.

“Milonovun Xankəndinə gəlişi situasiyanı gərginləşdirir”

Əgər belədirsə, Rusiya bu gedişatla nəyə nail olmağa çalışır?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”’ açıqlamasında deyib ki, son zamanlar Rusiya sülhməramlıları öz statuslarına aid olmayan məsələlərə müdaxilə edirlər:

“Bu Azərbaycanın haqq işidir. Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra xristian dünyasında çox böyük çalxalanma yaranıb. Onlar azğın hərəkətlərə yol verməyə başlayıblar. Başda Fransa olmaqla, Amerika və Avropa parlamentləri beynəlxalq hüquq normalarına zidd olan çıxışlar edirlər. Rusiyanın özü də bu məsələdə birmənalı mövqe tutmur. Rusiya sülhməramlıları axır vaxtlar öz statuslarına aid olmayan işlərə qarışır. Digər tərəfdən onlar sülhyaratmadan daha çox qarşıdurma yaratma meylləri ilə diqqət çəkirlər. Açıq qeyd etmək lazımdır ki, son zamanlar Rusiya sülhməramlılarının tərkibində Vaqner xüsusi dəstəsinin də mövcud olduğu haqqında fikirlər gəzir. Bu cəhətdən məsələlər daha da gərginləşir. Eyni zamanda qondarma rejimin dirçəldilməsi barədə şayələr yaymağa başlayırlar. Buna görə də sülhməramlıların qanunsuz hərəkətləri heç bir əndazəyə sığmır. Xüsusən Rusiya Dumasının təmsilçisi Vitali Milonovun Xankəndinə gəlişi situasiyanı gərginləşdirir”.

“Onlar bir mərkəzdən idarə olunur”

Q. Hüseynli qeyd edib ki, Dağlıq Qarabağla bağlı Azərbaycanın əleyhinə fikir səsləndirən xristian dünyasının nümayəndələrinin hamısı sanki bir mərkəzdən idarə olunurlar:

“Bunlar sanki bir mərkəzdən idarə olunurlar. Bir tərəfdən Baydenin dövlət katibliyinə gətirdiyi Antoni Blinkenin Ermənistanın təhlükəsizliyi və Qarabağ məsələsi ilə bağlı açıqlamaları çox məsuliyyətsiz bəyanatlardır. Dünya jandarmı rolu oyanayan dövlətin rəsmisi Azərbaycanın daxili işinə qarışır. Digər tərəfdən Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edir və eyni zamanda Dağlıq Qarabağda qalmış xristian abidələri məsələsini bəyanata daxil edir. Sanki bunlara aid olan abidələr abidədir, bizimkilər yox. Azərbaycanda 70-dən artıq məscidləri dağıdan ermənilərdir. Sanki bunu görmürlər.

Onlar ermənilərin Azərbaycan şəhərlərini xarabazara çevirdiklərini görmək istəmirlər. Azərbaycan yalnız BMT-nin 4 qətnaməsini yerinə yetirib və öz torpaqlarını azad edib. Qanundankənar heç bir hərəkətə yol verməyib. Onsuz da əzəli və tarixi torpaqlarımız olan ermənilərə xristian dünyasının köməyi ilə erməni dövləti yaradılıb. Daha nə istəyirlər? İndi ermənilərin bizim ərazilərdə qeyri-qanuni olaraq ikinci bir dövlət yaratmaq niyyətindən əl çəkmək fikirləri yoxdur. Rusiyanın öz ərazisdində 250 artıq xalq, həm də onların içərisində sayları 15 milyona çatan və rus xalqının formalaşmasında fəal iştirak edən tatarlar var, başqırdlar, çuvaşlar var. Rusiya bunlara minimum mədəni muxtariyyət verir. Amma Qarabağda sayları heç 60 min nəfər olmayan ermənilər haqqında uzaq və böyük fikirlərə düşürlər. Görünür, dünyada beynəlxalq təşkilatlar, beynəlxalq hüquq yalanmış. Hər şey gücün ətrafında fırlanır və güc olan tərəfdən diktə edilir. Son günlərdə xristian dünyası tərəfindən sərgilənən mövqe çox biyabırçıdır. Bunları sağlam məntiqlə izah etmək çox çətindir”.

“Bu oyunlar lokal toqquşmaya gətirib çıxara bilər”

Məsələyə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da münasibət bildirib. Politoloq hesab edir ki, Rusiyanın Dağlıq Qarabağla bağlı ikibaşlı oyunu yenidən hərbi qarşıdurma ilə nəticələnə bilər:

“Vitali Milonov “Vahid Rusiya” Partiyasının üzvüdür. Bu partiyanın da rəhbərliyi hakimiyyətdədirlər. Onlar da deyirlər ki, hər zaman Azərbaycanla tərəfdaş münasibətlərə malikdirlər. Yaxşı belədirsə, onda niyə Milonovu təxribatçı addımına görə çəzalandırmırlar? Əgər cəzalandırmırlarsa, deməli Rusiya ikibaşlı oyun oynayır. Başqa bir təxribatdan söz açsaq, faşistlərlə əməkdaşlıq etmiş Nijdenin heykəlinin qoyulmasına Rusiya göz yumur. Halbuki rusların ən böyük düşmənləri tarix boyu alman faşistləri olub. Nijde də faşistlərə çalışıb. Əgər buna bir söz deyilmirsə, sözügedən hadisənin özü ikibaşlı siyasətdən xəbər vermir də bəs nədən xəbər verir? Ona görə də Rusiyanın bu ikibaşlı siyasət oyunu genişmiqyaslı müharibə ilə nəticələnməsə də lokal toqquşmaya gətirib çıxara bilər. Bu isə kövrək atəşkəsə böyük zərbə olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.