Xarici siyasətdə qalib, daxildə bərbad iqtidar - korrupsiya, talan, soyğunçuluq...

4-03-2021, 15:37           
Xarici siyasətdə qalib, daxildə bərbad iqtidar - korrupsiya, talan, soyğunçuluq...
Azərbaycanda siyasi hakimiyyətin xarakteri ilə bağlı tarixdən çoxlu analogiyalar göstərə bilmişik. 1993-cü ildən iqtidarda olan YAP və onun rəhbərliyinin siyasi kursunu ayrı-ayrı ölkələrdə müxtəlif sistemlərə oxşatmaq mümkündür.
Onların bəziləri tab gətirə bilməyiblər, iqtidarı əldən veriblər, bəziləri real islahatlar xəttini götürüb, radikal dəyişikliklərə gedib, bəhrəsini görüb.
Lakin Azərbaycandakı siyasi sistem özünəməxsus xasiyyəti ilə seçilə, həmrənglərinə bilmərrə şəkildə bənzəməyə bilir. Bu, daha çox xarici siyasətdə yürüdülən praqmatik strategiya ilə bağlıdır.
Gəlin, etiraf edək ki, kiçik bir dövlət, Cənubi Qafqazda heç də hamısı yaxşı qonşusu olmayan ölkələrlə əhatələnmiş, neft-qazı olan, dünyanın bütün güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir nöqtə, Şərq-Qərb qapısı Azərbaycanın xarici siyasəti yetərli olmasa belə, son dərəcədə uğurlu, məntiqlidir.
Rəsmi Bakı onillərlə balanslı xarici siyasət yürüdüb, müəyyən qədər nəticəsini də verib, Azərbaycan özünü geopolitik qarşıdurmada poliqona çevirməyib, hansısa hərbi plasdarma, forposta döndərilməyib, beynəlxalq güclərin toqquşma arsenalı rolunu oynamayıb, əksinə barışdırıcı mövqedən çıxış edib.
2016-cı ildən sonra balanslı xarici siyasət pozulmağa başladı, Bakı strateji seçimini etməliydi və etdi də. 44 günlük müharibə Azərbaycanın Rusiya ilə əbədi qonşuluq baxımdan nə qədər yaxınlaşdığını göstərsə belə, Böyük Britaniya və İsrail bizim daha çox strateji tərəfdaşımızdırlar.
Amma bu qədər tərif və təqdir kifayətdir. Ona görə ki, Azərbaycan hökumətinin xarici siyasi kursu hər nə qədər başadüşülən, geosiyasi reallıqları qəbul etmək baxımdan doğru olsa da, daxili siyasət tamamilə daban-dabana ziddir.
Anaxeber.info-nun Siyasət Şöbəsi hakimiyyətin daxili siyasətinin bərbad, amansız və dağıdıcı olduğu qənaətindədir. Kor-kor, gör-gör...
İqtidarın ən yüksək eşelonunda təmsil olunmuş nazirlərin, vəzifədə olan bir çox məmurların talançılıq və oğurluq əməlləri əndazəni elə aşıb ki, yığıb-yığışdırmaq mümkün görünmür.
Bu, dövləti yağmalamaq, onun sərvətlərini pay-püş etmək, xalqı soymaq, nəticədə millətin nifrətini qazanmaqla davam etməkdədir.
Hakimiyyətin daxili kursu xarici siyasətindən bir-birindən o qədər aralıdır, antoqonistdir ki, heyrətə gəlməmək olmur.
Bu illər ərzində ölkə rüşvət və korrupsiya, monopoliya bataqlığında can verir, təhsil, səhiyyə məhv olunub, əhaliyə verilən qəpik-quruş maaş, pensiya gündəlik dolanışığına belə yetmir, kommunal ödənişləri, dərman xərclərini qarşılamır.
Üstəgəl, hər maaş-pensiya artımında işıq, su, qaz, nəqliyyat xərclərinin bahalaşması, benzinin qiymətinin su qiymətinə bərabər olması, ərzaq məhsullarının qiymətinin kəllə-çarxa çıxması, dərmanların “od qiymətinə” olması, banklarda kredit faizlərinin yüksək olması əhalini yaşayışını cəhənnəmə çevirib.
İki dəfə baş verən devalvasiyadan özünə gələ bilməyən, əslində yoxa çıxmaqda olan orta təbəqə sürətlə yoxsullaşır, kasıblar getdikcə səfalət içində yaşamağa başlayır, dövləti və xalqı talan edənlər isə varlanırlar.
Pandemiya ilində isə xalq daha yoxsullaşdı, həyata keçirilən sosial dəstək proqramları, sahibkarlara 250 manat, işsizlərə 190 manat yardımlar isə olmasa ondan yaxşıydı, hökumət bu işi də üz-gözünə bulaşdırdı.
Həmçinin, xəstəxanalarda, klinikalarda qiymətlərə nəzarətsizlik və soyğunçuluq, gömrükdə, vergidə, sosial müdafiə təminatında özbaşınalıqlar, qanunsuzluqlar, sahibkarların dərisinin soyulması, əlillik dərəcəsi alınmasında bürokratik əngəllər, rüşvətə yol açan süründürməçiliklər, bazarda bahalaşmanın qarşısının alınmaması halları xalqı təngə gətirib, intihar həddinə çatdırıb.
Necə ola bilir ki, icra başçılarının kisəsindən milyonlar çıxarırlar, nazirlərdən milyardlar silkələyib tökürlər, ən aşağı rütbəli məmur balasının adına şirkətlər, xaricdə evlər, bahalı maşınlar var, amma həmyaşıdları olan minlərlə azərbaycanlı gən ya kredit içində boğulur, ya işsizdir, ya ailəsini dolandırmaq üçün işdən əlavə taksi sürücüsü işləyir?!
Necə olur ki, nazir balaları, məmur övladları qısa müddətdə uğurlu biznesmen adını qazanırlar, atalarından sonra onlar vəzifələrə çəkilir, rəis, nazir müavini, prokuror və s. postlara təyinat alır, amma kasıb uşaqları karyera pillələrində yüksələ bilmir?
Hakimiyyətdəki qüvvələrin acgöz və görməmişcəsinə Xəzərin sahillərini belə xalqa çox görməsi, hər yerə çəpərləməsi, onun kürüsünü, sərvətini çapıb-talaması sözsüz ki, əhalidə idarəçiliyə qarşı böyük qəzəb yaradacaq.
O nöqteyi-nəzərdən söyləmək olar ki, hakimiyyətin xarici siyasəti ilə daxili siyasəti qətiyyən bir-birinə oxşamır, əksinə, sanki arasında körpülər yanıb.
Bu da ondan irəli gəlir ki, sistem korrupsiyaya bulaşıb və ondan tamamilə imtina edilmir, şəffaflıq tam təmin olunmayıb, məmurlar əvvəlki qədər olmasa da, yenə oğurlayırlar, yenə rüşvətlə məşğul olurlar, yenə böyük pullar onların cibindədir.
Ölkədə elə bir sektor yoxdur ki, xalq razılıq etsin: fermerlər “qan ağlayır”, örüş sahələri zəbt edilib, iş adamları cana doyub, Kəmaləddin Heydərov kimi iri ranqlı məmurların inhisarçı siyasəti ucbatından sahibkarlar sıxışdırılır, gömrükdə onların dərisinə “saman təpirlər”, xəstəxanalar morqa çevrilib, pulu olmayana baxılmır, kəsəsi, əhali hakimiyyətin daxili problemlərə münasibətindən olduqca narazıdır.
44 günlük müharibədə qalib gəlmiş, ordusu zəfər çalmış, torpaqlarını azad etmiş, xalqının qürurunu yüksəltmiş, dünyanın diqqətini özünə cəlb etmiş Azərbaycanda gərək daxili siyasət də müasirləşdirilsin, şəffaflaşdırılsın.
Əks halda qələbə bir gün undulacaq və xalqın gözündə əldə edilən imic, nüfuz itirilməyə başlanacaq, yenə qudurğan, rüşvətxor məmurların cəngindən qurtulmaq üçün etirazlar baş qaldıracaq...

AnaXeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.