Siyasətçilərimizin “xalı” nə qədərdir? –Reytinq alqoritmi

8-03-2021, 22:14           
Siyasətçilərimizin “xalı” nə qədərdir? –Reytinq alqoritmi
Reytinq siyasətçinin “kapitalıdır”, onu nə zaman yığmağı, nə zaman isə “xərcləməyi” dəqiq bilməlisən

Siyasi təşkilat, siyasətçilər üçün reytinq önəmli məsələdir. Cəmiyyətdə tanınmaq, qəbul edilmək, yadda qalmaq – bunlar vacib elementlərdir. Amma Azərbaycan reallığında, ideoloji toplumun olmadığı bir məmləkətdə reytinqlə bağlı da bir neçə yanlışlıqlar və səhv təsəvvürlər var:

1)Hamının xoşuna gəlməyə çalışmaq: – Harada hamının xoşuna gəlməyə çalışan siyasətçi görsəniz, ondan uzaq durun, boş, mənasız, populist insandır, eləsindən nə cəmiyyətə, nə dövlətə xeyir gələr. Belələri səmimi olmurlar, siyasi və ictimai gündəmə görə davranırlar, əsl simalarını gizlətməyə çalışırlar.

2) Gündəmin dalınca qaçmaq daha asandır, reytinq üçün qaçanlar daha çox olur. Siyasətçinin işi isə həm də gündəm yaratmaqdır, mövzular açmaqdır, bəzən çətin mövzulara toxunmaqdır. Məmləkətdə belə yanaşma populyar deyil - əksəriyyət gündəmin dalınca sürünür, hakimiyyətin əlində olan imkanları nəzərə alsaq, çox zaman elə gündəmi onlar diktə edir, digərləri də həmin diktə olunan gündəmə uyğun populizmlə məşğul olurlar. Əsas hədəf hakimiyyəti öz gündəminə çəkmək, öz mövzularına reaksiya verməyə məcbur etməkdir. Bu daha çətin yoldur, ağırdır, populyar deyil, amma lazımdır, vacibdir.

3) Cəmiyyətin “siyasi yaddaşı” qısadır, ona görə də topluma bəzi adamları təkrar-təkrar “sırıyırlar”, müvəqqəti olsa da, həmin populistlər qısa zaman kəsimində müxtəlif üsullarla reklam edilərək önə çıxarıla bilirlər. Amma elələrinin əksəriyyətinin içi boşdur deyə, tez yanıb, tez də sönürlər.

4) Bəzi partiya sədr və nümayəndələri elə bilirlər ki, daim reytinqi yuxarıda saxlamaq üçün çalışmaq lazımdır, bunun üçün populist, mənasız, altı-astarı, izahı olmayan, heç bir elmi, hesablanmış alternativləri göstərmədən, sadəcə səs-küylə üzdə qalmağa, reytinq toplamağa çalışırlar. Gülməli və iyrənc mənzərə alınır. Məsələn, biri çıxıb deyir ki, ölkədə uşaq pulu (ağrılı və həll olunmalı məsələdir) 300 manat, minimum maaş 400 manat, minimum təqaüd 500 manat olmalıdır (rəqəmlər şərtidir, yanaşmanı göstərməyə çalışıram) – cəmiyyətin bir kəsmi də həmin ekstaza düşür, alqışlayır, amma kimsə elə deyənlərin yaxasından yapışmır ki, bəs, “nə ilə Alış”, bunu necə etmək olar? Ölkədə 18 yaşına qədər 2,7 milyon nəfər yaşayır, bunlara 300 manat verəndə nə qədər vəsait lazımdır (ilə 10 milyard manata yaxın edir), bunun mənbəyi nədir, bəs, 1,3 milyon təqaüdçünün 900 minə yaxını minimum, ya da ona yaxın təqaüd alır, onların təqaüdünü 500 manat etsək, buna nə qədər vəsait lazımdır, bu vəsaitin mənbəyi hardan olmalıdır? Bu sualların cavabı, təbii ki, yoxdur. Elə populistcəsinə “pülə”, camaat da ləzzət alsın, belə siyasət, belə reytinq olmur.

5) Və ya, bəziləri çıxır və deyir ki, məmurları “şaqqalamaq” lazımdı, əllərindən hər şeyi almaq lazımdı, amma bir nəfər də çıxıb bu bolşevizmin ölkəni hara sürükləyəcəyindən danışmır. Biz bunun hüquqi, iqtisadi, mənəvi, sosial yollarını təklif edib “bolşevizmdən” uzaqlaşmağın vacibliyini deyəndə, həmən hücum olur ki, bəs, flankəs deyir hamını “yolaq”, siz niyə bunu dəstəkləmirsiniz?! Dostlar, bu gün hüquqi əsas yaratmadan, sistem dəyişikliyi olmadan “yolanları”, sabah eyni qayda ilə başqaları “yolacaq” – bu isə ölkəni xaosa, vətəndaş müharibəsinə aparacaq yoldur.

Tezisləri uzada da bilərəm, amma düşünürəm ki, məğzini izah edə bildim. Reytinq siyasətçinin “kapitalıdır”, onu nə zaman yığmağı, nə zaman isə “xərcləməyi” dəqiq bilməlisən. “Xərcləməyə” yerin yoxdursa, mənasız yığdığın “kapital” həmən siyasi “devalvasiyaya” uğrayır, mənasız yerə toplanan “reytinq” cəmiyyətdə xəyal qırıqlığına səbəb olur.

Siyasətçi reytinqi (kapitalı) o zaman yığır ki, qarşıda böyük proseslər, siyasi hadisələr, seçki sürəci, referendum və s. kimi hadisələr olsun, qısa zaman ərzində yığırsan, sonra da “xərcləyirsən”, siyasi dəyişikliyə nail olursan – reytinqin alqoritmi budur.

Cəmiyyətdə 3-5 çıxış, video, populizmlə reytinq qazananları çox gördük, onlar gəldi-gedərdi, içi boşdular, əsas məsələ dəyərlərinə, prinsiplərinə sadiq qalaraq doğru bildiyin yolu düzgün getməkdir. Bu yolda söyüləcəksən də, təhqir olunacaqsan da, amma sonda mütləq qalib gələcəksən, gec-tez hamı hər şeyi aydın görüb dərk edəcək. Sadəcə, hakimiyyət də hansısa siyasi təşkilatın reytinq toplamasını istəmir, buna görə də, tez-tez müxalif camiyədə olan kimi görünən, özlərinin yerləşdirdiyi adamlar vasitəsi ilə “əməliyyatlar” keçirir, müxalif camiyəni içdən vurur, kimi zəif və perspektivsiz görürsə, elə gecə-gündüz onları birbaşa vurmaqla “reytinq atına” mindirirlər - bilirlər, o ata minənlər nə yol gedə, nə də nəyəsə nail ola bilməyəcəklər. Deməli, onlara yüklənməklə reytinq qazandırmağın bir təhlükəsi yoxdur.

İndiki şəraitdə gələcək vacib siyasi hadisələrə, əsasən də seçkilərə hazırlaşmaq, bunun üçün təşkilati işləri gücləndirmək lazımdır. Reytinq isə alqoritmə uyğun toplanıb, sonra isə ağılla xərclənərək proses yaratmalıdır.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.