Minsk Qrupu öz ampluasında: qurum buraxılsınmı - GƏLİŞMƏ
13-04-2021, 09:33

44 günlük II Qarabağ savaşında Azərbaycanın möhtəşəm qələbəsindən sonra ATƏT-in Minsk Qrupunun taleyi qaranlıq olaraq qalır. Fəaliyyət göstərdiyi 27 il ərzində heç bir müsbət işi ilə yadda qalmayan qurumun buraxılması tələbləri durmadan artır.
Üç həmsədr ölkənin Azərbaycana qarşı münasibəti ortadadır. Rusiya Ermənistana qanunsuz və qaçaq yolla “İsgəndər M” raketləri verir, o raketlərdən Azərbaycana qarşı istifadə edilir. Başqa bir üzvün - Fransanın mövqeyi ortadadır. 44 günlük savaşda hər gün rəsmi Paris ermənipərəst mövqeyini ortaya qoydu və açıq şəkildə təcavüzkarı müdafiə etdi. ABŞ-ın da Qarabağ və digər işğaldakı ərazilərimizlə bağlı tutduğu mövqe hər kəsə bəllidir. Bu qədər basqının, badalağın qarşılığında Azərbaycan Ordusu Qarabağı azad etdi, Şuşaya bayraq sancdı.
Minsk Qrupunun bundan sonrakı fəaliyyəti mümkün olacaqmı? Lazımdırmı?
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bu mövzuda mövqeyi birmənalıdır: “Azərbaycan çoxsaylı güc mərkəzlərinin tutduğu kəskin mövqeyə baxmayaraq qətiyyətli və cəsarətli addım ataraq öz ərazilərini işğaldan azad etməyi bacardı. Bununla da beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in qərarlarının tələblərini yerinə gətirdi. Beləliklə, həm də 44 günlük müharibə ilə bənzər münaqişələrin həlli tarixində yeni təcrübə yaratdı. Ancaq müharibə nə qədər qısamüddətli olsa da, onun yaratdığı yeni reallıq bir o qədər uzun müddətdə müzakirə, təcrübə predmeti olacaq. ATƏT-in Minski Qrupu problemin həllində beynəlxalq hüququn tələb etdiyi və BMT mandatının ona verdiyi missiyanı yerinə yetirə bilmədi. Minsk Qrupunun həmsədrləri olan ölkələr tərəfsiz olmalı olduqları halda bəzən işğalçının tərəfini tutdular və hətta ona beynəlxalq müstəvidə və hərbi müstəvidə yardım etdilər. Bu gün artıq aydındır ki, ”İskəndər M" raketlərindən cinayətkar erməni tərəfi Azərbaycana qarşı istifadə edib. Bu raketin istehsalçısı olan ölkə bəllidir və onun üçüncü tərəfə verilməməsi ilə bağlı öhdəliyi də hər kəsə aydındır. Ancaq biz Şuşa şəhərində həmin raketə aid parçalar tapırıq. Fikrimcə, bütün bunlar beynəlxalq hüququ imperativ sayan bütün ölkələr və beynəlxalq təşkilatlar üçün bir həyəcan siqnalı kimi qəbul edilməlidir. Əks təqdirdə bu gün terrorçu Ermənistan tərəfindən Azərbaycana atılan raket sabah başqa bir terrorçu tərəfindən başqa bir ölkəyə atıla bilər. Ona görə də ciddi bir ölkədə istehsal olunan dağıdıcı bir silahın terroristlərin əlinə keçməsi yolverilməz olmalıdır. Minsk Qrupuna gəldikdə isə qeyd etmək lazımdır ki, artıq Azərbaycan problemi həll edib və öz ərazi bütövlüyünü bərpa edib. Belə olan halda hər hansı qrupun fəaliyyətinə də qətiyyən ehtiyac yoxdur".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “Azərbaycan əvvəldən də təkcə Ermənistana qarşı deyil, həm də Minsk Qrupu həmsədrlərinə qarşı mücadilə aparıb. Hər üç həmsədrin mövqeyi həmişə aydın olub. Onlar Azərbaycanı mövcud reallığa razı salmağa çalışıblar, hətta bəzi sənədlərə ”ispo facto" deyilən beynəlxalq prinsipi də daxil etmişdilər. Bu prinsip mövcud reallıqdan çıxış edilməsini nəzərdə tuturdu. Azərbaycan Ordusu bütün bu planları pozdu. İndi həmsədrlər çalışırlar ki, vaxtilə Dağlıq Qarabağ adlandırılmış inzibati ərazinin Rusiyanın nəzarətində qalan hissəsində ermənilərin hansısa formada siyasi mövcudluğunu saxlasınlar. Bu ərazi dediyimiz Dağlıq Qarabağın təxminən 55 faizini təşkil edir. “Siyasi mövcudluq” ifadəsini diqqətdə saxlamalıyıq. Biz ermənilərin Azərbaycan vətəndaşı kimi qalıb yaşamalarına etiraz etmirik, amma hər hansı siyasi statusdan söhbət gedə bilməz. Azərbaycan rəhbərliyi bunu dəfələrlə vurğulayıb. Həmsədrlər isə ermənilərin istəklərinə uyğun olaraq siyasi status üzərində baş sındırır, Azərbaycanı razı salmağa çalışırlar. Həmsədrlər yenə də anti-Azərbaycan mövqeyindədirlər. Ona görə də onların yenidən prosesə qoşulmasına imkan vermək olmaz. Əgər prosesdə iştirakla bağlı təkid etsələr, onların qaşısına vəzifə olaraq qoymalıyıq ki, 10 noyabr razılaşmasının şərtlərinin həyata keçirilməsinə, o cümlədən Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və digər ərazilərdə Azərbaycan hakimiyyətinin tam bərqərar olmasına yardım etsinlər, başqa heç bir məsələyə burunlarını soxmasınlar. Bir sözlə, onların məşğul olmalı olduqları istiqaməti, mandatlarını biz müəyyən etməliyik. Xoşları gəlməsə, qapı açıqdır, çıxıb gedə bilərlər".
“Yeni Müsavat”