"Yaxın gələcək tək Qarabağ üçün yox, dövlət müstəqilliyimiz üçün həlledicidir" - hüquqşünasdan ÇAĞIRIŞ
26-04-2021, 08:35

“ABŞ prezidenti Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsindən nə faciə düzəltmək, nə də görməməzliyə vurmaq lazım deyil. ABŞ hakimiyyəti on illərdir, erməni soyqırımından Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Sonuncu addım da Türkiyənin dünyada, xüsusilə bölgədə yeritdiyi müstəqil siyasəti ilə bağlıdır. FETO-nun köməyi ilə çevrilişə cəhdlə bir şeyə nail ola bilməyən ABŞ bu addımla da Türkiyəni tutduğu yoldan çəkindirə bilməyəcək. Türkiyə artıq özünü dünyada söz sahibi kimi hiss etdi, bunu dünyaya göstərdi və bu yoldan dönən deyil”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Bu günə qədər də bədbəxt qonşularımız bu alverdən heç cür faydalana bilməyiblər. İndiki etiraf da çox olsa, onların xəstə təxəyyüllərinə bir mənəvi dəstək olacaq, qarşıdan gələn seçkilərdə Paşinyana əlavə səslər qazandıracaq. Seçkilərdə qalib gələn Paşinyan daha çox Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışacaq. Seçkilərdən dərhal sonra ABŞ və Avropa, xüsusilə Fransa Qarabağ ermənilərinin daha da fəallaşmasına və revanş barədə hərəkətlərə sövq edəcək. Bu, ABŞ və Avropa üçün birinci növbədə Rusiyanın bölgədə son zamanlar qazandığı nüfuzun zəifləməsi üçün lazımdır. Əminəm ki, Rusiya hakimiyyəti bunu yaxşı bilir və çox narahatdır. Ona görə də Azərbaycan bu gün daha çox Qarabağda mövqelərini məhkəmləndirmək və ən azından 10 noyabr sazişində nəzərdə tutulan şərtlərin tez bir zamanda yerinə yetirilməsinə çalışmalıdır. Əlbəttə, normalda Rusiya Baydenin son erməni sevgisindən sonra Türkiyə və Azərbaycanda yaranmış münasibətdən istifadə edərək bizə daha yaxın olmalıdır. Ancaq şəxsən mən buna çox az inanıram, çünki Rusiyanın özünün iştirakı ilə bağlanmış son sazişdən sonra hərəkətləri onu göstərir ki, o, heç cür Qarabağ münaqişəsinin bitməsini istəmir, əksinə onun daim alovlanması üçün əlindən gələn hər şeyi edir. Ona görə də bu gün Azərbaycan var gücü ilə tək Türkiyə ilə yox, bütün türkdili dövlətlərlə münasibətləri ən yüksək səviyyəyə çatdırmağa çalışmalıdır. O cümlədən, Vətən müharibəsində bizə dəstək olan müsəlman və Ukrayna kimi qeyri-müsəlman dövlətləri ilə də münasibətlərini daha da yaxşılaşdırmalıdır. Bu gün ən vacib olan ölkə daxilində olan münasibətlərdir. Hamımız bilməliyik ki, yaxın gələcək tək Qarabağ üçün yox, dövlət müstəqilliyimiz üçün həlledicidir. Ona görə də hamı umu-küsüləri, hakimiyyət uğrunda mübarizəni kənara qoyub dövlətimiz haqqında düşünməlidir” – A.İsmayılov qeyd edib.
