Tehranın Bakıya uzanan dili: - “İranın belə açıqlama verməyə...”
13-09-2021, 17:37

Azərbaycan və Türkiyənin Xəzər dənizində hərbi təlim keçirməsi İranın narazılığına səbəb olub.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə bildirib ki, Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanunidir: “Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və bu qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq”.
Maraqlıdır, İranın belə açıqlama verməyə ixtiyarı varmı?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, İran və digər dövlətlərin bu məsələdə narahat olmaları təbii və gözləniləndir:
“Əslində, Azərbaycan Xəzər dənizinin özünə aid olan sektorunda hərbi təlimlər keçirmək hüququna malikdir. Heç bir dövlət Azərbaycanın bu suveren hüququna müdaxilə edə bilməz.İran daha yaxşı olardı ki, Azərbaycan ərazisi olan Qarabağa Laçın dəhlizindən keçərək gedən maşınları və onların içindəki mənşəyi məlum olmayan, nələrin daşınması ilə bağlı araşdırılmalara başlasın. Onlar bu məsələ ilə bağlı cavab verməlidir. Azərbaycan bununla bağlı artıq ikinci dəfədir ki, İran tərəfinə rəsmi nota verib.
Lakin İran keçən dəfəki notadan sonra Qarabağa göndərdiyi maşınların sayını 2 dəfə artıraraq qarşılıq verdi.Qonşu dövlət və guya din qardaşı olmağına baxmayaraq İran illərdir öz etdiklərini və Azərbyacan torpaqlarını işğal edən Ermənistana xüsusi dəstək verməsini pərdələmək üçün belə qabaqlayıcı addımlar atır.Ümumiyyətlə, bu açıqlamanın nə hüquqi, nə də mənəvi cəhətdən heç bir əsası yoxdur. Həmçinin, İranın belə açıqlama verməyə və Azərbyacana irad bildirməyə də haqqı yoxdur”.