30 il “lal” qalan təşkilatlar indi “dil açırlar”? – Bilsinlər: “Münaqişə bitib"

28-09-2021, 17:31           
30 il “lal” qalan təşkilatlar indi “dil açırlar”? –
Dünən Prezident İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Ölkə başçısı müsahibəsində kifayət qədər mühüm məsələlərə diqqət çəkib.

Prezident torpaqlarımızın azad edilməsinə başlandığı 27 sentyabr tarixinin birinci ildönümü ilə əlaqədar danışaraq Ermənistanın 30 ilə yaxın müddətdə törətdikləri təxribatlardan söz açıb.

Ali Baş Komandan bəzi beynəlxalq təşkilatların erməni terroruna göz yumması, üçtərəfli bəyanatın icrası və Zəngəzur dəhlizi ilə bağlı da danışıb. Dövlət başçısı deyib ki, Ermənistan ilk olaraq Türkiyə ilə əlaqələrini normallaşdırma istəyində olmalıdır:

“Eyni zamanda Azərbaycanla əlaqələrini normallaşdırsın. Türkiyə və Azərbaycanla sərhədlərini müəyyənləşdirsin. Onlar bu işdə bizdən daha çox istəkli olmalıdırlar. Çünki bu olmazsa, demək ki, sərhəd də yoxdur. İndi Ermənistanda və bəzi xarici siyasətçilər bizi Ermənistan torpaqlarını işğal etməklə günahlandırır. Birincisi, bu, yalandır. İkincisi, Ermənistan bizi işğal edəndə niyə səsinizi qaldırmırdınız? Niyə gözünüzü bağlayırdınız? 30 il ərzində sadəcə işğal deyil, bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Bütün binalar dağıdıldı. Bunu görmürdünüzmü? Minsk qrupunun həmsədrləri dəfələrlə orada oldu. Ağdamda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda oldular. Görmürdülərmi?”.

Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, ölkə başçısı müsahibəsində mühüm və dəqiq konteksdən çıxış edərək, mövcud həqiqətləri bir daha bütün dünyanın diqqətinə çatdırıb:

“Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı. Təəssüf ki, beynəlxalq təşkilatlar, ilk növbədə BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin icrasına dair hansısa ciddi addımlar atmadı, təcavüzkarlara qarşı sanksiyalar müəyyənləşmədi. ATƏT-in Minsk qrupu isə sadəcə olaraq münaqişəni “dondurmaqla” məşğul olurdu. Prezident çox düzgün qeyd etdi ki, beynəlxalq təşkilatların təməl sənədlərinə uyğun olaraq hərəkət etməməsi ilə münaqişə yenidən canlandı və Ermənistanın təxribatları nəticəsində müharibə başladı. Beləliklə, Azərbaycan özü ərazilərini azad etdi. Dövlətimiz həm Minsk qrupunun yerinə münaqişəni bitirdi, həm də BMT-nin qətnamələrini özü icra etdi. Artıq “Dağlıq Qarabağ” adlı bir münaqişə yoxdur. Azərbaycan Ermənistanı ərazi iddialarına son qoyaraq bölgədə gedən proseslərdə iştirak etməyə dəvət edib. Dövlətimiz bununla yanaşı Qarabağı əməkdaşlıq bölgəsinə çevirmək istiqamətində Türkiyə ilə birgə mühüm layihələri həyata keçirir”.

Parlament üzvünü sözlərinə görə, Prezidentin müsahibədə toxunduğu digər mühüm amil Zəngəzur dəhlizinin açılması ilə bağlıdır:

“Zəngəzur dəhlizinin açılmasına hansısa şübhə yoxdur. Bundan sonra bölgədəki proseslər daha intensiv olacaq, strateji layihələr sürətlə inkişaf edəcək. Təəsüflə qeyd etməliyik ki, İran qonşuluq siyasətinə və İslam dəyərlərinə zidd olaraq Ermənistana dəstək verir. Bu, qəbuledilməzdir. Azərbaycan öz mövqeyini hər zaman müdafiə etməyə qadirdir. Ərazilərimizdə yaşamaq istəyən ermənilər normal həyatlarını davam etdirə bilərlər. Ölkəmizdə bir sıra dini etnik qruplar sərbəst və firavan yaşayırlar. Ermənilərə də bu istiqamətdə müvafiq şərait yaradıla bilər. Artıq onların da belə istəkləri var, Azərbaycandan iş istəyirlər. Çox gözəl anlayırlar ki, Azərbaycan Qarabağı cənnətə çevirə və ermənilər də bu durumdan bəhrələnə bilər. Çünki onların həyatı indiyə qədər dözülməz olub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.