Gürcüstan Rusiya ilə döyüşməli olacaq: “Ancaq NATO və Avropaya ümid edə bilər”

29-09-2021, 00:01           
Gürcüstan Rusiya ilə döyüşməli olacaq:
“Azərbaycan siyasi və iqtisadi baxımdan güclü dövlətdir. Hazırda işğaldan azad olunan rayonlarda böyük bərpa işləri aparılır".

Bunu bu yaxınlarda Qarabağa səfər etmiş ekspert Zura Batiaşvili Azərbaycan səfirliyində Anım Gününə həsr olunan mərasimdə çıxışında deyib. O, bundan sonra Azərbaycanda əmin-amanlıq və sülhün hökm sürəcəyinə ümidvar olduğunu qeyd edib: "Bu gün Abxaziyada həlak olanların da xatirəsi anılır və biz Suxuminin süqut gününü yad edirik. Ümid edirəm ki, tezliklə Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünü bərpa edəcək və qələbə qazanacaq".

Görünən odur ki, ölkəmizin böyük zəfəri digər dövlətlər üçün də stimul olmağa davam edir. Gürcüstan da bizim kimi ərazi bütövlüyünü bərpa etməyə çalışır.

Xatırladaq ki, 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən müharibə XXI əsrdə yaşanan ilk müharibə olaraq tarixə keçmişdi. Bunun nəticəsində Abxaziya və Cənubi Osetiya ruslar tərəfindən işğal edildi. Bəs, hansı hallarda Gürcüstan öz torpaqlarını azad etmək üçün müharibəyə başlaya bilər? Hazırda belə bir ehtimal nə dərəcədə real görünür?

Bununla bağlı Cebhe.info-ya danışan sabiq diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, Gürcüstan gec-tez diplomatik, siyasi və ya ha hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməlidir:

“Gürcüstanın mövqeyi başadüşüləndir, çünki onların da torpaqları işğal olunub. Həmçinin, Ukrayna və Moldova kimi ölkələr də eyni vəziyyətdədir. Əlbəttə ki, Gürcüstan da bizim kimi öz torpaqlarını işğaldan azad etmək istəyir.

Lakin ümumi oxşarlığa baxmayaraq, orada böyük fərqlər var. Biz öz torpaqlarımızı erməni işğalından azad etmişik və indi olduğu kimi əsas düşmənimiz Ermənistan idi. Azərbaycan diplomatik münasibətlər vasitəsilə faktiki olaraq Rusiyanı neytral vəziyyətdə saxladı. Bunun nəticəsində də, biz öz torpaqlarımızı işğaldan azad edə bildik. Gürcüstanın vəziyyəti isə xeyli fərqlidir. Çünki Rusiya artıq Abxaziya və Cənubi Osetiyanı bir dövlət kimi tanıyıb və orada hərbi bazasını açıb. Buna görə də Gürcüstanın əsas düşməni demək olar ki, Rusiyadır. Onlar torpaqlarını azad etmək istəsələr, Rusiya ilə müharibə aparmalıdırlar. Hazırda isə Gürcüstan və Rusiya arasında heç bir əlaqə və diplomatik münasibətlər yoxdur. Bizimlə Gürcüstan arasındakı əsas fərq bundan ibarətdir. Onlar bu istiqamətdə bütün vasitələrdən istifadə etməlidirlər. Lakin yaxın gələcəkdə Gürcüstanın bunu edə biləcəyini düşünmürəm”.

Politoloq qeyd edib ki, Gürcüstanın torpaqlarını işğaldan azad edə bilməsi üçün geosiyasi vəziyyət və dünyadakı siyasətində müəyyən dəyişikliklər baş verməlidir:

“Bunun üçün NATO, ABŞ və digər Qərb dövlətləri hərbi cəhətdən Gürcüstanı açıq şəkildə dəstəkləməlidir. Həmçinin, Gürcüstan NATO və ya Avropa İttifaqına üzv qəbul edilməldir. Mövcud vəziyyətdə təbii ki, bu, hələlik şübhə altındadır. Əgər Qərb ölkələri Gürcüstanı müttəfiq olaraq görür və müəyyən qarşıdurmalara getməyə hazırdırsa, bəzi nəticələr əldə ola bilər. Lakin onlar bunu etməsə, Gürcüstanın torpaqlarını işğaldan azad edə bilməsi asan olmayacaq. Hesab edirəm ki, bunu etmək üçün diplomatik, siyasi və hərbi amillər nəzərə almaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.