“Avropa İttifaqı məcburi köçkünlərin Qarabağa qayıtmasına yardım etməlidir” - TƏLƏB!
4-10-2021, 09:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. O, müsahibəsində Vətən Müharibəsi, Ermənistanla münasibətlər, Avropaya qaz nəqli ilə bağlı sualları cavablandırıb.
Prezident müsahibəsində bildirib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır: “Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram.
Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik.
Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”.
Prezident status məsələsinə də toxunub və bildirib ki, son zamanlar Ermənistan hakimiyyəti belə status məsələsi ətrafında çox danışmır və bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir: “Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə "Dağlıq Qarabağ" adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan "qurumun" statusu haqqında danışmağın yeri yoxdur”.
Dövlət başçısı regionda Türkiyə və Rusiyanın rolu haqda danışıb, bu iki dövlətin vasitəçiliyi ilə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olacağını bildirib. O, sülh istiqamətində ilk addımlardan biri kimi, daha dəqiq mina xəritələrinin də Azərbaycana verilməsinin vacibliyini vurğulayıb.
İlham Əliyev, həmçinin, Avropa İttifaqının Ermənistana 2,6 milyard Avro həcmində yardım etdiyini yada salıb: “Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik”.
Prezidentin fikirlərini Bizimyol.info saytına şərh edən Asim Mollazadə bildirib ki, Azərbaycanın bundan əvvəl danışıqlara sülhpərvər yanaşması düzgün qiymətləndirilməyib: “Biz öz ordumuzun gücü və xalqımızın birliyi ilə torpaqları işğaldan azad etdik. Lakin anlayırıq ki, bölgənin inkişafı üçün sülh və sabitlik mütləqdir. Dövlət başçısı da aydın şəkildə və dəfələrlə ifadə edib ki, Ermənistan öz revanşist mövqeyindən əl çəkməlidir və qarşı tərəfi normal münasibətlər qurmağa dəvət edib. Ermənistan sülh yolunu tutmalıdır və onun başqa yolu yoxdur. İstənilən revanşist addımın cavabı Ermənistan üçün ağır ola bilər. Sülh üçün isə Zəngəzur yolu mütləqdir. Türkiyə və Rusiyanın bu məsələdə də maraqları kəsişir. Hər iki dövlətin liderləri bəyan edib ki, bölgənin inkişafı üçün birgə fəaliyyət mütləqdir”.
O, Avropa İttifaqından Ermənistan və Azərbaycanla münasibətlərdə fərqli yanaşmasını da şərh edib.
“Təəssüflər olsun ki, Avropa İttifaqındakı siyasi dairələr erməni diasporunun təsiri altındadır və bu dairələr Ermənistanın “ağlaşma” xarakterli bəyanatlarına, şikayətlərinə daha çox inanırlar. Lakin Avropa İttifaqında bir şeyi nəzərdən qaçırırlar ki, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Və Ermənistan bu torpaqlara milyardlarla zərər vurub, şəhərlər, qəsəbə və kəndlər tamamilə dağıdılıb. Azərbaycan tərəfi heç kimdən yardım istəməsə də, bu ərazilərin abadlaşması üçün xeyli vəsait lazımdır. Və haqlı yanaşma onda görünərdi ki, Avropa İttifaqı Azərbaycan xalqının boynunda olan bu yükü yüngülləşdirmək üçün hansısa addımlar atmağa çalışardı. Əgər Avropa İttifaqı etibarlı tərəfdaş olduğunu sübut etmək istəyirsə, mütləq məcburi köçkünlərin Qarabağa qayıtmasına yardım etməli, bu ərazilərdə gedən abadlaşdırma və yenidənqurma işlərinə dəstək verməlidir. Prezidentin dediyi kimi, bu ya yardım, ya da güzəştli kredit ola bilər. Həmçinin, Avropa şirkətləri bu torpaqlara yatırım da edə bilərlər”.