Sarkisyan diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanına niyə getdi - Türkiyə amili...
28-10-2021, 09:00

İki ölkə arasında rəsmi münasibətlər olmasa da, Türkiyənin artan nüfuzuna görə son illərdə ermənilərlə ərəblər arasında istiləşmə müşahidə olunur; ekspert: “Səudiyyə Ərəbistanı ilə Ermənistan yaxınlaşmasının əsas səbəbi Türkiyə faktorudur”
Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Sarkisyanı Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb. Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb. Azərbaycanla S.Ərəbistanın yaxşı əlaqələri var. Bu əlaqələr fonunda Səudiyyənin Ermənistanla siyasi-diplomatik münasibətlər qurmağa başlaması necə izah edilə bilər? Rəsmi Bakının buna təpkisi necə olacaq?
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Sarkisyanın Səudiyyə səfəri elə də böyük hadisə deyil. Onun fikrincə, Ər-Riyad bir-birinə zidd ölkələrlə əlaqələr qurmaq xəttini götürüb.
“Səudiyyə Ərəbistanı sünni dünyasının liderliyinə iddia edən ölkədir. Amma tayfa-qəbilə şüuru səviyyəsində yaşayır və bu şüurun təsiri ilə hərəkət edən dövlətdir. Hətta dövlətin içində bir-birinə yaxın adamlar sui-qəsd planı düşünür, hakimiyyət uğrunda mübarizə aparır. Yəni saray intriqaları olan ölkədir.
Amma hazırda kral Salmanın oğlu dövləti idarə edir və Səudiyyənin xarici siyasət kursunu müəyyən edir. Onun xarici siyasəti xristian dünyası ilə əlaqələri inkişaf etdirməkdir".
Q.Hüseynli bildirdi ki, Səudiyyə İslamın xeyrinə addım atmayan bir ölkədir: “Heç bir müsəlman ölkəsi onan xeyir gördüyünü söyləyə bilməz. İranla birlikdə müsəlman dünyasının reytinqinə zərər vuran addımlar atmaqdadırlar”.
Q.Hüseynli hesab edir ki, Ermənistan müharibədə aldığı sarsıdıcı məğlubiyyətdən sonra bir çox ölkələrə əl açmaqdadır: “Sarkisyan Yaponiyaya da səfər etmişdi. Faktiki olaraq, pul dilənirlər. Müharibədə elə bir zərbə alıblar ki, dilənçilik trayektoriyası Yaponiyadan Səudiyyəyə qədər uzanır. Hər halda, Sarkisyan diplomatik əlaqələrin qurulması üçün xahişə gedib. Nəzərə alsaq ki, Azərbaycan İsraillə sıx dostluq münasibətlərinə malikdir, ona görə Ermənistan da ərəb ölkələrinə üz tutur. Buna qədər Suriya, Livan kimi ərəb ölkələrindən dəstək görüb, indi də Səudiyyədən gözləyir”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib: “Bununla belə, iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur. Həmçinin Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı Azərbaycanı dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdı. 2019-cu ildə isə Səudiyyə Ərəbistanı ABŞ Konqresində qondarma erməni soyqırımının tanınmasına dair son qərara vasitəçilik etməyi qəbul etmişdi. Səudiyyə Ərəbistanının Livandakı səfiri Səudiyyə Ərəbistanının Ermənistanla həmrəyliyini nümayiş etdirmək üçün qondarma soyqırımı memorialını da ziyarət edib. 2018-ci ildə iki ölkə arasında rəsmi əlaqələrin qurulmamasına baxmayaraq, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının kralı Salman Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik ediblər”.
Təhlilçi qeyd edir ki, 44 günlük müharibədə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin gizli şəkildə Ermənistanı dəstəklədiyi iddiaları var: “Bundan əlavə, Səudiyyə Ərəbistanının təsir dairəsində olan ”Əl-Ərəbiya" telekanalı Ermənistan prezidenti Sarkisyanın xüsusi bir nitqini yayımlamışdı. Çıxışında Ermənistan Prezidenti beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın münaqişəyə ortaq müdaxiləsinin qarşısını almağa çağırışlar edirdi. Yəni Səudiyyə Ərəbistanı ilə Ermənistan yaxınlaşmasının əsas səbəbi Türkiyə faktorudur".
Ekspertin fikrincə, İrəvan ərəb ölkələri ilə münasibətləri genişləndirmək niyyətindədir: “Amma Azərbaycanın da Səudiyyə ilə yaxşı əlaqələri var. Düşünmürəm ki, Ər-Riyad bizə qarşı hansısa prosesdə iştirak etsin. Təbii ki, zaman-zaman iddialar meydana çıxıb, amma təsdiqini tapmayıb. ”Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Ərəbistanı Krallığı da bu müqavilədə təmsil olunub. Hazırda müqavilədə “Delta-Hess” şirkəti 2,72% paya malikdir.
O baxımdan Ermənistan prezidentinin səfəri işgüzar məqsəd daşıyırsa, deməli, pul üçün gediblər. Onlar hər yerdən pul dilənirlər, Rusiya, Avropa Birliyi, erməni diasporu, hətta Yaponiyadakı erməni fondundan dəstək istəyirlər. Ermənistan kifayət qədər acınacaqlı vəziyyətlə qarşılaşıb. Ona görə erməni cəmiyyətində revanşistlər anlamalıdırlar ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, Zəngəzur dəhlizinin açılması hesabına düşdükləri ağır iqtisadi vəziyyətdən çıxa bilərlər".