İranın gerçək Azərbaycan qorxusu: Etnik amil əsas səbəb deyil - HƏQİQƏTƏN DƏ...

29-10-2021, 08:39           
İranın gerçək Azərbaycan qorxusu: Etnik amil əsas səbəb deyil -
Livanın tanınmış şiə ilahiyyatçısı, “Hizbullah” hərəkatının birinci baş katibi Şeyx Sübhi Tufeyli Türkiyənin “Anadolu” Agentliyinə müsahibə verib. Orada İranın keçmiş xarici işlər naziri, sonradan İran İslam Respublikasının ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri olmuş Əli Əkbər Vilayəti ilə bağlı xatirələrini bölüşüb.

“Həmin vaxt (1990-cı illərin əvvəlləri) İranın xarici işlər naziri Vilayəti ilə söhbətim oldu və bu zaman mən açıq şəkildə soruşdum: “Niyə müsəlmanlara (azərbaycanlılara) qarşı erməni xristianları dəstəkləyirsiniz?” İranlı nazir cavabında dedi: “SSRİ-nin dağılması fonunda Türkiyənin müstəqillik qazanmış Azərbaycana, Türkmənistana və digər türkdilli dövlətlərə gedən yolunda Ermənistan maneədir. Biz Ankaranın yolunu kəsmək üçün İrəvanın güclənməsinə dəstək və töhfə verəcəyik””, - deyə ilahiyyatçı bildirib.

Tufeyli qeyd edib ki, 90-cı illərin əvvəllərində İran mediası da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dəstək verib. O, İranın Azərbaycan torpaqlarının işğalında Ermənistana hərbi və logistik dəstək verdiyini istisna etməyib.

İlahiyyatçı qeyd edib ki, həmin dövrdə Azərbaycan yalnız müstəqilliyini möhkəmləndirib və İsraillə heç bir əlaqə olmayıb: “İranda Azərbaycanla gərginliyi sionist faktoru kimi qiymətləndirənlər həqiqətə qarşı çıxırlar. Tehranın siyasəti heç vaxt dürüst olmayıb. Tehranın atdığı addımların əksəriyyəti məhvə gətirib çıxarır ki, bu da son nəticədə İranın maraqlarına ziddir”.

Ümumiyyətlə, hər şey aydındır. Bu, son onilliklərdə çoxlarının təxmin etdiklərinin növbəti təsdiqidir. Yeganə sual budur ki, Tehran türk faktorunun özü üçün təhlükəsini həddindən artıq şişirtmirmi? Əgər dost Gürcüstan ərazisindən Türkiyə ilə Azərbaycan arasında birbaşa avtomobil və bir müddətdir ki, dəmir yolu (Bakı-Tbilisi-Qars) əlaqəsi varsa, Ermənistan Türkiyə üçün necə maneə ola bilər? Və heç kim hava əlaqəsini ləğv etməyib. İstəyirsinizsə, Türkiyədən Azərbaycana və daha da Orta Asiyanın türkdilli ölkələrinə hərbi aviasiya göndərə bilərsiniz.

Amma SSRİ-nin dağılmasından 30 ilə yaxın vaxt keçib və bütün bu dövlətlər heç vaxt birləşib İrana qarşı addım atmayıb. Belə bir şey yoxdur. Elə isə Ermənistanın təcavüzkar istəklərini, işğalçılıq siyasətini, bunun üçün həmfikir qonşu dövlətlə xoş münasibətlərini qurban verərək, hasara almağa və dəstəkləməyə dəyərdimi? Yoxsa bütün bunların tamam başqa səbəbi var? Bəlkə İranı hansısa başqa amil qorxudur?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Ukrayna Gələcək İnstitutunun analitiki, iranşünas alim, İliya Kusa:

“Burada söhbət dini, mənəvi yox, geosiyasi və ideoloji kateqoriyalardan gedir. İran çoxmillətli ölkədir, onun üçün bu müxtəliflik həm onların gücüdür, həm də vəziyyətin kəskinləşməsi halında başqalarının yararlana biləcəyi zəiflikdir.

İranlılar kənar müdaxilələrə çox qısqanclıqla yanaşırlar, bu, tarixən baş verib, əsasən İngiltərə, Rusiya və ABŞ-ın onlara qarşı siyasəti nəticəsində formalaşıb. Onlar üçün də, eyni Türkiyə üçün olduğu kimi, geosiyasi kateqoriyalarda düşünmək normadır.

İran üçün “türk təhlükəsi”nin nə qədər real olmasının əhəmiyyəti yoxdur. Bundan siyasi məqsədlər üçün istifadə olunmayana qədər heç vaxt miqyasını dəqiq bilməyəcəyik. Amma iranlılar üçün bu, potensial təhlükədir, yəni potensial riskləri minimuma endirmək üçün hər şeyi edəcəklər.

Ermənistana dəstək Türkiyənin həddindən artıq güclənməsinin qarşısını almaq məqsədi daşıyır. Ermənistan Türkiyənin Qafqazda təsirinin bir növ balanslaşdırıcısıdır, İran və Türkiyə arasında bufer ərazilər yaradır.

Yadda saxlamaq lazımdır ki, Türkiyə və İran regionda həmişə rəqib olub və bu rəqabət heç vaxt dayanmayıb. Bundan əlavə, iranlılar Azərbaycanda etnik deyil, ideoloji xarakterli təhlükə görürlər - dünyəvi Azərbaycan millətçiliyi İranın şiə islamçılığı ilə köklü şəkildə toqquşur. Bunlar tamamilə əks iki antaqonist sistemdir.

Ona görə də onların İranda danışdıqları, erməni yönümlü siyasətlərini izah etdikləri “təhlükə” vəziyyətinə dini və ya mənəvi mövqedən deyil, ideologiyalar mübarizəsi, geosiyasət və regional rəqabət nöqteyi-nəzərindən baxsanız, çox məntiqli və başadüşüləndir”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Təbii ki, Vilayəti də demədi və indi də İran İslam Respublikasının rəhbərləri etiraf edə bilmirlər ki, müstəqil, uğurlu, inkişaf edən, dünyəvi Azərbaycanın varlığı şiə ideoloqları və siyasətçiləri üçün təhlükəli görünür. Onlar bu faktın özündə başda mollakratiyanın irəli sürdüyü dövlət və ictimai quruluş modelinin qüsurluluğunun təsdiqini görürlər. Bu, İran üçün təkcə xarici siyasət baxımından təhlükəli deyil, daha önəmlisi, mövcud vəziyyətdən bezib, mövcud rejim üçün təhlükəli daxili qaynamaların yaşandığı öz əhalisi üçün pis nümunədir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövlətimizin zəifliyinin təsdiqi kimi İran azərbaycanlılarına təqdim olunurdu. Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük müharibədən və qələbədən sonra mollakratiya təşvişə düşüb və gülünc siyasi hərəkətlər, təbliğati bəyanatlar, hərb nümayişi və istənilən digər yollarla vəziyyətə təsir göstərməyə çalışır.

İran anlayır ki, bölgədə gedən proseslər Azərbaycan və Türkiyənin mövqelərinin güclənməsi istiqamətində gedir, İranın dəstəklədiyi Ermənistan isə zəifləyir. Amma xeyri yoxdur. Azərbaycan Tehranın bütün hücumlarını dəf etdi, İran isə iddiaları ilə təcrid olunmuş vəziyyətdə qaldı.

Ümid edək ki, Tehranda praqmatizm qalib gələcək. Bunu İran XİN-in həmişəki kimi ikiüzlü, lakin zahirən praqmatik dialoqa hazır olduğunu və qarşıdurma xarakterli hərəkətlərdən imtina edən son bəyanatlarında müşahidə etmək olar. Bakı da öz növbəsində İranla münasibətləri qarşılıqlı hörmət, mehriban qonşuluq və əməkdaşlıq əsasında qurmağa həmişə hazır olduğunu bildirib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.