Ermənistan müdafiə nazirinin Qarabağda erməni səngərlərini gəzməsinin görüntüləri… - Düşmən 10 NOYABR BƏYANATINA RƏSMƏN TÜPÜRÜR
9-11-2021, 11:57

Xəbər verdiyimiz kimi, dünən –noyabrın 8-də erməni mediası Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçərək Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının məsuliyyət zonasındakı əraziyə gəlməsi haqda informasiya yayıb.
Moderator.az xəbər verir ki, noyabrın 8-i axşam saatlarında erməni saytlarında A.Karapetyanın Qarabağ səfərini əks etdirən video-görüntülər paylaşılıb.
Dünənki xəbərdə Ermənistan müdafiə nazirinin guya Xankəndinə gizli şəkildə gəlib-getməsi bildirilsə də, sözügedən videoda A.Karapetyanın avtomobil karvanının, səhv etmiriksə, Rusiya hərbi kontingentininn Şuşa rayonunun Turşsu qəsəbəsindəki nəzarət-buraxılış postundan sərbəst keçərək Şuşa istiqamətində getməsi aydın görünür.
A.Karapetyan yalnız Xankəndində deyil, Qarabağda Azərbaycan ordusuyla təmas xəttində yerləşən erməni hərbi hissələrindən birində də olub, səngərləri gəzib, Azərbaycan mövqelərinin müşahidə edib. İşğalçı ölkənin müdafiə naziri həmçinin Qarabağda faktiki hərbi xidmət keçən bir sıra erməni hərbçilərini də mükafatlandırıb.
Qeyd edək ki, A.Karapetyanın erməni mediasının xəbərlərində Qarabağa nə zaman gəldiyi dəqiq göstərilməyib. Ancaq sonda 7 noyabrda Zəngəzura getdiyi, Qaragöl ətrafına baş çəkdiyi, dövlət sərhədinin bərpasından danışdığı bildirilir. Zəngəzura 7-də getməsindən belə nəticəyə gəlmək olar ki, Ermənistan naziri ola bilsin ki, ötən gün, yəni noyabrın 8-də səhər saatlarında Laçın dəhlizindən keçərək Qarabağa gəlib. Yaxud elə eyni gündə Qarabağda da, Qaragöldə də olub. Bütün hallarda belə bir xəbərin məhz dünən – Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Şuşada Zəfər Gününün qeyd olunduğu, həmçinin Şuşada səfərdə olan dövlət başçısı İlham Əliyevin orada Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşdüyü, eləcə də guya Azərbaycan hərbçiləri tərəfindən Şuşa yaxınlığında “dinc ermənilərə atəş açması və 22 yaşlı gənci öldürməsi, 3 nəfəri yaralaması” haqda təxribatçı informasiyaların meydana çıxdığı bir vaxtda yayılması planlaşdırılmış senarinin tərkib hissəsinə bənzəyir. Görünür, bu günlərdə - 10 Noyabr razılaşmasının ildönümündə Rusiya prezidenti V.Putinin iştirakıyla Moskvada İlham Əliyev və Nikol Paşinyanın gözlənilən görüşünün alınmaması(?) təsadüfi deyil...