Amerika Erməniləri Milli Komitəsi hərəkətə keçib
12-11-2021, 07:22

Amerikanın pulla lobbiçilik edən senatorlarını Türkiyə və Azərbaycana qarşı səlib yürüşünə qaıdırıb. Cəmi üç tələb irəli sürüblər:
1) ABŞ-ın Azərbaycana göstərdiyi dövlət yardımı dayandırılsın. Yəni bədnam 907-ci düzəliş yenidən qüvvəyə minsin.
2) Türkiyənin qatil dronlarında istifadə olunan ABŞ-a məxsus texniki hissələrin satışı ilə bağlı istintaq başlasın.
3) ABŞ Dövlət Departamentinə Ermənistan və Artsaxa qarşı Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilmiş müharibə cinayətlərinin araşdırılması üçün mandat verilsin.
Bizdə özünü demokrat sayan bir xeyli sadəlövh var. Hələ də düşünürlər ki, ABŞ demokratik dövlətdir. Bu necə demokratik ölkədir ki, onun senatorları, konqresmenləri aldıqları pulun hesabına hansısa dövlətin maraqlarından çıxış edirlər.
ABŞ-ın dövlət maraqları tələb edir ki, rəsmi Vaşinqton Azərbaycanın yanında olsun, ona ən yüksək səviyyədə dəstək versin. Ən azı ona görə ki, Azərbaycan Cənubi Qafqazda açar ölkədir. Gürcüstan və Ermənistandan dəfələrlə güclüdür. Dəli dediyiniz Donald Trampın dönəmində məhz belə idi. Amerika Azərbaycana hər il 120 milyon dollar rəsmi yardım göstərirdi. Ermənipərəstliyi ilə məşhur olan Co Bayden taxta çıxandan Amerikadakı erməni diasporu xüsusi ilə aktivləşib. "Sleepy Bayden" (yuxulu) erməni soyqırımını da rəsəmən tanıyıb.
Bir şeyə də diqqət etməyimiz gərəkir. Türkiyənin bizə Bayraktar dronları verməsi qardaş ölkəyə qarşı ABŞ-ın, bütövlükdə isə Qərbin qəzəbinə səbəb olub. Yəni Azərbaycana görə Türkiyənin üzərinə yeriyirlər. Azərbaycan olaraq biz bu amili heç vaxt unutmamalıyıq...
Amerika, Fransa, ümumiyyətlə, Qərb demokratiyasını isə boş verin. Türkiyə və Azərbaycan olaraq birliyimizi daha da möhkəmləndirməyə çalışmalıyıq. Bütövlükdə Türk Dünyasının bir araya gəlməsini təmin etməliyik. Türk xalqlarının yabançıların təsir dairəsindən qopmasının başqa yolu yoxdur. Türkün tarixi əzəməti də yalnız bu birlikdən keçərək yenidən canlana və parlaya bilər...
Elbəyi Həsənli
Teref.az