Xankəndidə ərsiz ermənilərin sülhməramlılarla kütləvi nikahı gizli dövlət layihəsidir?..
24-11-2021, 07:08

Elşən Həsənov: “Azərbaycan yaxın zamanda öz yurisdiksiyasını həmin ərazilərdə bərpa etməyə nail olacaq”
img
Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib.
Bu haqda “təklif”lərini özünün Teleqram səhifəsində paylaşan xanım jurnalist, belə olacağı təqdirdə, rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün “səbəb” olacağını qeyd edib.
Olyuninaya görə, rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər:
“Konstantin Zatulinin “Sputnik-Ermənistana” müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi “artsax”da əri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə, onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.
Rusiyalı xanım jurnalistin bu təklifinin arxasında təmsil olunduğu ölkənin dövlət maraqları dura bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəlcə bu jurnalistin kimliyi və indiyə qədər hansı işlərlə məşğul olduğunu araşdırmaq lazımdır: “Məlum olur ki, o, 2008-c ildən etibarən davamlı şəkildə erməni tarixini, mədəniyyətini öyrənməyə və onu təbliğ etməyə başlayıb. Bunun üçün indiyə qədər ciddi məbləğdə qrantlar da alıb. Hətta 2010-cu ildə Qarabağda keçirilən Beynəlxalq Erməni Mədəniyyət Festivalında iştirak edib.
Heç şübhəsiz, jurnalist Valeriya Olyuninanın bu təklif irəli sürməsi özfəaliyyət deyil.
Valeriya Olyunina 12 ildən artıqdır ki, yüksək qonorar müqabilində erməni nəşrləri ilə də əməkdaşlıq edir. Yəni onun belə bir təklif irəli sürməsi təəccüblü deyil.
Məsələnin ciddi tərəfi odur ki, hazırda Dağlıq Qarabağın ruslaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə rus mütəfəkkirlərinin heykəlləri qoyulan park salınıb. Həmin parkda rus sülhməramlısı ermənilərin xilaskarı rakursundan təqdim edilir. Bir müddət əvvəl isə, yenə Rusiya nəşrləri Qarabağdakı ermənilərə Rusiya vətəndaşlığını simvolizə edən pasportların paylanmasının zəruriliyi ilə bağlı məsələni gündəmə gətirdilər. Rusiyanın separatçılığı dəstəklədiyi bir sıra regionlarda bu təcrübəsi var. Bu təklif də həmin planın tərkib hissəsidir. Ancaq bütün bunların heç bir faydası olmayacaq. Çünki Azərbaycan yaxın zamanda öz yurisdiksiyasını həmin ərazilərdə bərpa etməyə nail olacaq”.
Məhəmmədəli QƏRİBLİ