Kreml müharibə niyyətindən geri çəkildi? - “Moskva narahatdır ki…”

24-11-2021, 07:20           
Kreml müharibə niyyətindən geri çəkildi? -
“Rusiya heç kimə hücum etmək niyyətində deyil və aqressiv planlar qurmur”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz artıq dəfələrlə müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil və heç bir aqressiv planı yoxdur. Bunun əksini söyləmək isə tamamilə yanlışdır. Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisində hər hansı yerdəyişməsini bu cür planlarla əlaqələndirmək tamamilə yanlışdır. Bu, belə deyil”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın işğal hazırlığı ilə əlaqədar Ukraynaya hərbi müşavirlər və silah göndərə bilər. ABŞ mediasının məlumatına əsasən, Ukraynaya verilən silahlar arasında “Javelin” tank əleyhinə raketlər və minaatanlar, “Stinger” portativ zenit-raket kompleksləri və Mİ-17 helikopterləri olması gözlənilir.

Eyni zamanda, Bayden administrasiyasının bəzi rəsmiləri Rusiyanın Ukraynaya hərbi texnika göndərməsini “ciddi eskalasiya” kimi qiymətləndirə biləcəyindən ehtiyat edirlər. ABŞ hakimiyyəti bölgəyə bir neçə hərbi məsləhətçi göndərmək imkanını müzakirə edir, lakin Ukraynaya kimin gedəcəyi hələ bəlli deyil.

Maraqlıdır, ABŞ-ın bu həmləsi Rusiyanı geri addım atmağa vadar etdi?

Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya hər zaman olduğu kimi, yenə də hərəkətlərində və açıqlamalarında qeyri-səmimi davranır:

“Hesab edirəm ki, Rusiyanın Ukrayna ilə bağlı çirkin niyyətləri var, lakin bunları həyata keçirməyə onun cürəti və gücü çata bilməz. Bunu həm ABŞ, həm də Ukrayna çox gözəl başa düşür. ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyilə bağlı məlumatı elə-belə açıqlamayıb. Onlar bilir ki, Rusiyanın bu barədə müəyyən niyyətləri var. Rusiyanın çox sayda əsgər və hərbi texnikanı Ukrayna ilə sərhədə boş yerə yığmadığı aydındır.

Düzdür, Ukraynaya birbaşa hücum edəcəyi real görünmür. Lakin təəssüflər olsun ki, rusların nə isə edə biləcəyi də gözləniləndir. Ümumiyyətlə, Rusiya son zamanlar Belarus, Ukrayna, Moldova, Cənubi Qafqaz, Orta Asiya və Baltikyanı ölkələrdə gərginlik yaradır. Rəsmi Moskvanın bu tip hərəktləri xoşagələn addımlar deyil”.

Hərbi-ekspert qeyd edib ki, Dimitri Peskovun da açıqlamasına etibar etmək olmaz:

“Çünki Peskov 9 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında videoformatda üçtərəfli görüşün keçiriləcəyini deyirdi. Lakin sonra belə bir görüşün planlaşdırılmadığını bildirdi. Ümumiyyətlə, Peskovun sözləri böyük bir əhəmiyyət kəsb etmir, çünki Rusiyada bütün qərarları Vladimir Putin verir. Bütün bunlara baxmayaraq, ABŞ-ın Ukrayna həmləsindən sonra Rusiyanın geri addım atdığı müşahidə olunur.

Onu da qeyd edim ki, hazırda Donbasda da Rusiyaya qarşı məhz ABŞ-dan alınan silahlar istifadə olunur. Son vaxtlar Ukrayna ABŞ-dan xeyli silah-sursat alıb. Bütün bunlar isə Kremli olduqca narahat edən məsələlərdir. Hətta yaxın zamanda ABŞ-ın Ukraynaya hərbi yardım da edəcəyi gözlənilir. Əslində, son zamanlar yaşanan gərginliyin əsas səbəbi də bundan ibarətdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru