İrəvan – İstanbul reysi açılır: - Bakının münasibəti necədir?

26-11-2021, 17:46           
İrəvan – İstanbul reysi açılır: -
Dekabrın 15-dən etibarən İrəvan-İstanbul reysi fəaliyyətə başlayacaq. Bu barədə Sputnik-Armeniya saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, Ermənistanın “Flyone Armenia” aviaşirkəti 15 dekabrdan etibarən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri birbaşa uçuşlar həyata keçirəcək.

Bu barədə artıq icazə alınıb. Blietlərin ilkin qiymətləri də müəyyən olunub.

‘’Flyone Armenia’’ aviasiya şirkəti biznesmen və parlamentin hakim partiyadan olan deputatı Xaçatur Sukiasyana məxsusdur. Yayılan məlumatlara görə, İrəvan-İstanbul aviareyslərinin qiymətləri kifayət qədər ucuzdur.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında aviareyslərin açılması düşmənin blokadan çıxması anlamına gəlir. Bu o deməkdirmi, Ermənistan hansısa ciddi güzəştlərə gedib və proses bu mərhələyə gəlib çatıb? İddialar var ki, Ankara-İrəvan arasında gizli danışıqlar gedir və artıq bir sıra razılaşmalar da əldə olunub. Təbii ki, prosesdən Azərbaycanın da xəbəri vardır. Türkiyə yetkililəri dəfələrlə deyiblər ki, Ermənistanın ağıllanması, konstruktiv mövqeyə gəlməsi və Azərbaycanın da buna razılığı halında sərhədlər açıla, münasibətlər düzələ bilər.

Bəs hazırkı durumda Ankara-İrəvan münasibətlərinin bərpası üçün hansı əsaslar var?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, həmin uçuşları həyata keçirən Ermənistana məxsus şirkətdir:

“Həftədə üç dəfə uçuşlar həyata keçiriləcək. Burada maraqlı məqam nədir? Azərbaycanın mövqeyi şübhəsiz ki, Türkiyə tərəfindən öyrənilir və ona uyğun razılaşmalar var. Hesab edirəm ki, bir həftədə üç dəfə uçuş keçirilməsi həcmin kifayət qədər böyük olmasından xəbər verir. Yəni kifayət qədər erməni miqrantlar var, onlar Türkiyə bazarlarında, o cümlədən İstanbulda işləyirlər. Bu, həm də asılılığın dərinləşdirilməsi anlamına gəlir”.

Şərhçi hesab edir ki, bu, gözlənilən sülh sazişi fonunda öncədən atılan müsbət bir addımdır: “Bu, həm də Azərbaycan və Türkiyənin əslində Ermənistan üçün çox qiymətli bir nəfəslik rolunu oynadığını isbat etmiş olacaq. Hesab edirəm ki, bu, ciddi şəkildə Ermənistan üçün qiymətləndirmə meyarı rolunu oynayacaq. Ən azından onun tərəfdaşları üçün də qiymətləndirmə rolunu oynayacaq ki, bu regionda Avropa, Ermənistanı yanlış yola yönləndirən Belçika , Fransa gəlib qonşu olası deyil. Yenə də qonşu olaraq ermənilər bizə məhkumdurlar, bizimlə yaşamağa məcburdular. Bu baxımdan da, əslində çox müsbət bir başlanğıcdır. Hesab edirəm ki, həm də bu, siyasətdən kənar başqa bir detalı ortaya çıxarır. Bu, uçuşlardan yararlanan mülki əhalinin bir növ Ermənistan hökuməti üzərində basqılarını da artırmış olacaq ki, Türkiyənin açılma, güzəştlərə getməsi üçün şərt kimi qoyulan sərhəd məsələləri də həll edilsin”.

Elxan Şahinoğlu da hesab edir ki, aviareysin açılması bizi narahat etməməlidir: “ Biz keçmiş illərdə narahatıydıq, Azərbaycan torpaqları işğal altında olanda bu cür əlaqələrin əleyhinə idik. O zaman Türkiyə ilə Ermənistan arasında aviareyslərin olmasını, yaxud hansısa sazişin imzalanmasını istəmirdik. Çünki öncə işğal faktına son qoyulmasını tələb edirdik. 90-cı illərdə Türkiyə Ermənistanla əlaqələri məhz torpaqlarımızın işğalına görə kəsdi. Amma indi işğal faktına böyük ölçüdə son qoyub və prezident İlham Əliyevin açıqlaması var idi ki, Türkiyə Ermənistan siyasətində sərbəstdir. Buna baxmayaraq, Türkiyə rəsmiləri deyirlər ki, Ermənistan siyasətini Bakı ilə koordinasiyalı şəkildə həyata keçirməliyik. Bu hava reysinin açılmasını Azərbaycan üçün təhlükə görmürəm. Böyük ehtimalla bu məsələ də Azərbaycan hakimiyyəti ilə koordinasiya olunub. İndi əsas məsələ Paşinyanı masada otuzdurmaq üçün həm bizim tərəfdən, həm də Türkiyə tərəfindən addımlar atıla bilər. Əslində bölgəyə sülh və barış, əməkdaşlıq lazımdır. Bu baxımdan mən bu aviareyslərin açılmasını ümumi siyasətin tərkib hissəsi hesab edirəm”.

Politoloq Xəyal Bəşirov da düşünür ki, bu, həm də Ermənistan cəmiyyətinin düşüncəsini dəyişəcək bir yenilikdir: “Hər bir halda Türkiyə dövləti 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasətinin mövcud olduğu dönəmdə bu ölkə ilə sərhədlərin açılması ilə bağlı konkret şərtini ortaya qoymuşdu. Şərt bu idi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından vaz keçməli, işğala son qoymalı və yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilərdi. O cümlədən də nəqliyyat- kommunikasiya xətlərinin açılması ilə bağlı belə bir mövqe ortaya qoymuşdu. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə son qoyulsa da təbii ki, müəyyən problemlər hələ də mövcuddur. Xüsusilə də Ermənistan Azərbaycana aid olan bəzi əraziləri hələ boşaltmayıb. Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesini həyata keçirməyə mane olur. Təbii ki, indi qarşıda bizi 26 noyabr tarixində Soçi görüşü , ondan sonra isə 15 dekabr tarixində Brüsseldəki ikitərəfli görüş gözləyir. Yəqin ki, Türkiyə tərəfi də məlumatlıdır ki, bu görüşlərdə müsbət nəticə əldə olunacaq və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində real addımlar atılacaq. Məhz bu səbəbdən Türkiyə tərəfindən uçuşların reallaşmasına razılıq verilib. Amma onu da diqqətə çatdırım ki, Ermənistan dövlətinin siyasəti birmənalı deyil, Ermənistanı idarə edən şəxslərin yürütdüyü siyasətin birmənalı olmamasına görə onlara tam etimad və etibar yoxdur. İstənilən an onlar fərqli mövqe ortaya qoya və həmişə olduğu kimi ziddiyətli addımlar ata bilərlər. Məhz düşünürəm ki, bu səbəblərdən Ermənistanın yalnız real addımları olacaq, təkcə fikirlər və bəyanatlar deyil, həmin bəyanatlara və fikirlərə uyğun olaraq sülh təşəbbüsləri ortaya qoyulacaq. Hesab edirəm ki, əslində məsələnin pozitiv tərəfi də var. Ermənistanın bu blokadadan çıxması Ermənistan cəmiyyətinə müsbət mənada təsirli ola bilər. Onlar həqiqətən də blokadadan çıxmağın nə olduğunu, bunun yeganə yoliunun Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətinə son qoymaqdan keçdiyini anlayacaqlar. Hər bir halda, əgər gələcəkdə Ermənistan tərəfi yenidən təxribatçı addımlara davam edərsə, ziddiyyətli addımlar atarsa, Türkiyəyə hava yolunun açılmasının ömrü çox qısa olacaq. Bu, məhz Ermənistan dövlətinin gələcəkdə yürüdəcəyi siyasətindən asılıdır”.

“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru