Azərbaycan-gələcəyi qeyri-müəyyən məmləkət...
25-12-2021, 23:26

Müxalifətçi dostlarımız hirs və hikkə ilə yazırlar ki, Azərbaycanda İlham Əliyevin ad gününü təbrik edən bu qədər yaltaq var. İlham Əliyev elə yaxşı edib bu millətə zülm edir və. s.
Mənim düşüncəmə görə, Azərbaycanın problemi təkcə iqtidarla bağlı deyil. İş orasındadır ki, bizim müxalifətimiz də bir işə yaramır. Müxalifətçilərin prezidentin ad gününə ünvanlanmış təbriklərə belə ağrılı münasibət sərgiləməsi siyasi etiket baxımından da yanlışdır. Əslində Azərbaycan normal ölkə olsaydı, müxalifət liderləri də İlham Əliyevi yubileyi münasibəti ilə təbrik edərdilər. Elə İlham Əliyev də müxalifət haqqında kəskin ifadələr işlətməkdən çəkinərdi. Təəssüf ki, Azərbaycanda belə bir siyasi mədəniyyət mövcud deyil. Müxalifətimiz də, iqtidarımız da ermənilərlə belə anlaşmağa hazırdırlar, ancaq bir-birlərinə dirsək göstərməyi ağıllı siyasi gediş hesab edirlər. Halbuki bu, nadanlıqdan başqa bir şey deyil...
Mərhum Əbülfəz bəy dünyasın dəyişəndə Heydər Əliyev onun dəfnində şəxsən iştirak etdi. Ancaq müxalifət Heydər Əliyevin dəfninə qatılmadı. Halbuki müxalifət də Heydər Əliyevin dəfnində iştirak etməliydi. Ən azı bu, siyasi etiketlə bağlı bir məsələ idi. Azərbaycan müxalifəti o vaxt daha təmkinli davransaydı, bəlkə də iqtidar-müxalifət münasibətləri bu qədər gərgin olmazdı...
Bizim müxalifət istəyir ki, xalq ayağa qalxsın, Əliyevlər sülaləsin iqtidardan qovsun. Sonra da “bəh-bəhlə” bunları yuxarı başa keçirsin. Əlbəttə, bu, xam xəyaldan başqa bir şey deyil.
Bəli, İlham Əliyevin korrupsioner rejiminə nifrət edənlər çoxdur. Ancaq onlar arasında da müxalifətə inam o qədər də güclü deyil.
Azərbaycanda İlham Əliyev və onun idarəçiliyindən xalqın böyük bir hissəsi narazıdır. Bu narazılıq əsasən maaşlarla bağlıdır. Uşaqpulu məsələsinin dalana dirənməsi də İlham Əliyevin nüfuzuna ciddi zərbə vurur. Ümumiyyətlə, xalqın böyük əksəriyyəti səfil günündə yaşayır. Ancaq II Qarabağ Müharibəsində erməni faşizmini darmadağın etdikdən sonra İlham Əliyevə münasibətdə müsbətə doğru ciddi dəyişikliklər baş verib. Müxalifət isə bu faktorla barışmaq və bu faktoru nəzərə almaq istəmir.
O günləri bir dostumuz yazmışdı ki, xalq o qədər pis yaşayır ki, Qarabağda əldə olunmuş möhtəşəm qələbə də vətəndaşlara əhəmiyyətsiz görünür. Şübhəsiz ki, belələri də var. Düşünün ki, bir valideyn xəstə uşağına dava-dərman ala bilmirsə və ya bir ailə aylarla ət almağa pul tapmırsa, onların İlham Əliyevdən razı olması mümkün də deyil. Həyatın dibində olanlar üçün Qarabağ Zəfərinin parıltısı da cansıxıcı görünür...
Bəs, bir-birinə it-pişik münasibəti bəsləyən bu iqtidarla bu müxalifət Azərbaycanı hara aparacaq? Mənim baxışıma görə, ölkəmizi məchul bir gələcək gözləyir. Axı nəyə görə Azərbaycanın gələcəyi qeyri-müəyyən və dumanlı olmalıdır? Sizi bilmirəm, bu məchulluq məni son dərəcə narahat edir...
Elbeyi Hesenli
Teref.az