PUTİNİN GEOSİYASİ KROSSVORDU - Moskva genişmiqyaslı işağala hazırlaşır, yoxsa...

30-01-2022, 19:00           
PUTİNİN GEOSİYASİ KROSSVORDU -
Bəzi hissələri əskik olan krossvord - heç belə bir tapmaca hazırlamağa cəhd etmisizmi?

Bezdiricidir. Çaşdırıcıdır. Mənzərəni tam görmək mümkün deyil.

Kremlin siyasət dünyasına xoş gəldiniz.

Vladimir Putinin fikirlərini və planlarını anlamağa çalışmaq çətin məsələdir.

Bu, Kremlin xoşuna gəlir: hamı təxmin etməyə çalışsın.

Rusiya prezidenti Putinin Ukraynayla bağlı planı nədən ibarətdir? Moskva genişmiqyaslı işağala hazırlaşır, yoxsa kiçik miqyaslı əməliyyat olacaq? Və ya müharibə təhdidi sadəcə eskalasiya siyasətidirmi?

Krossvordun görünən hissələri Qərbi narahat edir:

Ukrayna sərhədində təxminən 100 min Rusiya əsgəri var;
Moskva quruda və dənizdə təlimlərə başlayıb;
Fevral ayında Belarus-Rusya birgə təlimləri başlayacaq;
Kreml ABŞ tərəfindən rədd ediləcəyini bildiyi tələblər irəli sürür (Ukraynanı NATO-ya qəbul etməmək və alyansın qoşunlarını Şərqi Avropa ölkələrindən çıxarmaq;
Putinin ruslar və ukraynalılar barədə "bir xalq, bir vahid" deməsi.
Bütün bunlardan sonra Vaşinqton Moskvanın təhlükəsizliklə bağlı tələblərinə cavab verdi. Kremlsə Amerikanın cavabını analiz etdiyini açıqladı.

Tərəflər arasında sərt ritorika davam etməkdədir.

"Ukrayna torpaqlarında NATO infrastrukturunu yerləşdirməyin. Biz NATO-nun "tərəfdaşlarımızı" tərk etməsini istəyirik. Sərhədlərimizdən çəkilin. Keçmiş sovet respublikalarından çıxın, çünki bu, rus xalqını təhdid edir. Vaxt azalır, bir qərar verməlisiz, həm də təcili" - hakim partiyanın deputatı Yevgeni Popov dövlət kanalında belə deyib.

Əks halda nə ola bilər?

Bu sualıma deputat belə cavab verdi:

"Əks halda bütün dünya üçün son dərəcə təhlükəli bir reaksiya veriləcək. Bəzi Qərb rəsmiləri Rusiyanın cəsarəti olmadığını deyirlər. Dostlar, həqiqətən görmək istəyirsizmi?"

Ukrayna sərhədi yaxınlığındakı Rostov vilayətində Rusiya tankları
Ukrayna sərhədi yaxınlığındakı Rostov vilayətində Rusiya tankları

Rusiya rəsmiləri israr edirlər ki, NATO bu ölkənin milli təhlükəsizliyi üçün təhdiddir.

Mən skeptikəm, Moskvanın alyansı həqiqətən də təhdid olaraq gördüyünə inanmaqda çətinlik çəkirəm.

Rusiya sərhədlərinin cəmi 6 faizi NATO ölkələriylə ortaqdır.

Kremlin İtaliya və Macarıstan kimi NATO ölkələriylə yaxşı münasibətləri var, hətta bu alyansın üzvü olan Türkiyəyə müdafiə sistemləri satır.

Üstəlik, NATO 70 ildən çoxdur ki, Rusiya sərhədlərindədir.

Digər tərəfdən, yaxın gələcəkdə Ukrayna, Gürcüstan və hər hansı başqa keçmiş sovet respublikasının NATO-ya qəbul ediləcəyinə dair heç bir işarə yoxdur.

Bəs nə üçün Kreml bu məsələni idefiksə çevirib?

Qismən daxili səbəblərə görə. Məqsədlərdən biri rus xalqını sözdə düşmənə qarşı biləşdirməkdir.

Eyni zamanda, səbəb bəlkə də o ola bilər ki, Rusiya bu vəziyyətdən Avropanın təhlükəsizlik düzənini Moskvanın maraqlarına uyğun şəkildə yenidən formalaşdırmaq üçün bəhanə olaraq istifadə edir, ya da öz təsir dairəsini genişləndirmək və "soyuq müharibənin" nəticələrini yenidən "yazmağa" çalışır.

Bəs sonrakı addım nə olacaq?

Krossvordun bütün hissələri olmadığı üçün bunu ancaq təxmin edə bilərik.

Sonrakı addım Amerikanın Avropa düzənini müzakirə etmək təklifinin Vladimir Putini qane edib-etməyəcəyindən asılı ola bilər.

Rusiya lideri bu düzəni ləğv etmək fikrində qərarlıdırsa, Qərb və Şərq arasında hərbi qarşıdurmalar və uzunmüddətli mübahisələr yarana bilər.

"Ümid edirəm, indiyə kimi əldə etdikləri Putini qane edər. Mən onun müəyyən qədər uğur qazandığını düşünürəm. Qərblə dialoq qurdu, Ukrayna sərhədindəki gərginliyi qorumaqla Qərbin Rusiya tərəfinin təkliflərini nəzərə almaq üçün təşviq edilməsnə yardımçı oldu. Amma Putin vəziyyəti başqa cür dəyərləndirə bilər. Deyə bilər ki, Qərb Rusiyanı sonsuz və mənasız müzakirələrə cəlb etməyə çalışır və onun Ukraynaya təsiri artmaqda davam edəcək. Amma Rusiya vətəndaşları Ukraynada böyük bir hərbi əməliyyatda iştirak etməyə həvəs göstərmirlər" - Rusiya Beynəlxalq Münasibətlər Şurasının baş direktoru Andrey Kortunov belə deyib.

Steve Rosenberg

BBC News, Moskva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.