Parlamentdə BNA sərt tənqid olundu: "O çəkir, bu çəkir, bəs o pullar hara gedir?"

2-02-2022, 08:54           
Parlamentdə BNA sərt tənqid olundu:
Milli Məclisdə yol hərəkəti ilə bağlı müzakirə: parklanmaya görə cərimələrin miqdarı artırılır

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə olunub. Dəyişiklikdə Azərbaycanda dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimələr təklif edilib. Dəyişikliyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcəklər.

Nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə 10 manatdan 20 manata qaldırılacaq

Bundan əlavə, dəyişiklik layihəsinə əsasən, dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və cərimələrin artırılması da nəzərdə tutulur. Belə ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə ediləcək. Hazırda Məcəlləyə görə, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir. Təklif edilən digər dəyişikliyə görə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək. Hazırda Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir. O cümlədən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə də artırılır. Layihəyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə 10 manatdan 20 manata qaldırılacaq.

Qeyd edək ki, qanunun müzakirəsinə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Milli Məclisin bu gün keçirilən iclasına qatılıb.

Deputat: "3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir"

Dəyişiklik haqqında məlumat verən deputat Kamal Cəfərov deyib ki, parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək. Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.

Müzakirə zamanı deputat Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyini sərt tənqid edib. Millət vəkili qeyd edib ki, BNA-nın konsepsiyası yoxdur: "Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir. Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub. Konsepsiya hazırlanmalıdır".

"Elə, o çəkir, bu çəkir. Bəs o pullar hara gedir? BNA rəhbərliyi qısa müddətdə konsepsiya hazırlasın. Deputatın burada heç bir marağı yoxdur. Deputatın burada təkcə marağı odur ki, insanlar bu məsələlərlə bağlı müraciətlər edirlər. Normal formada biz bunu həll edə bilərik”, - o vurğulayıb.

Spiker: “Vüsal Kərimli də müzakirələrə dəvət olunsun”

“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsinə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli dəvət olunub", - deyən spiker Sahibə Qafarova bildirib ki, layihənin ikinci oxunuşunda qanunla bağlı çıxış etmək istəyən deputatlar və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirələrə dəvət olunsun: “Komitə sədri Əli Hüseynli həmin iclasda sualları olan deputatların və Vüsal Kərimlinin iştirakını təmin etsin. Onları maraqlandıran suallarI cavablandırsın”.

“Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm”

“Son zamanlar tariflərin, cərimələrin artırılması dəbə minib”, - deyə çıxışına başlayan deputat Razi Nurullayev Razi Nurullayev bildirib ki, pandemiya fonunda yeni cərimələr, tariflər narazılıq yaradır: “Sürücü üçün parklanma yeri yoxdursa, hansı haqla onu cərimə edə bilərik? Velosiped yollarından danışılır, ancaq yollarda saatlarla tıxacda qalırıq. Velosiped yolu ancaq bulvardadır. Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm”.

Müzakirələrdən sonra dəyişiklik birinci oxunuşda qəbul olunub.

Müəllif: Anar Bayramoğlu
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.