“Araik “Qarabağ klanı”nın dəstəyini almaq istəyir” – Son təxribatlar nəyə hesablanıb?
3-02-2022, 16:56

"Son günlər Qarabağdan xoşagələməz xəbərlər gəlir. Separatçı rejim qondarma "konstitusiya islahatları”na başlayır, "ərazilərin işğaldan azad edilməsi haqqında” qanun qəbul edir, separatçılar sülhməramlılarla birlikdə Azərbaycana məxsus yük avtomobillərini yoxlayır və s".
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Araikin qondarma "konstitusiya islahatı” zəifləmiş mövqelərini gücləndirməyə hesablanıb:
"Ötən ilin sonunda Paşinyanın "Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra separatçılarla İrəvan arasında fikir ayrılığı dərinləşib və Araik "Qarabağ klanı”nın üzvləri ilə yaxınlaşmaq xəttini tutub. "Ərazilərin azad edilməsi” qanunu da keçmiş DQMV-nin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır. Separatçı rejim bunun mümkün olmadığını anlayır, lakin bu iddianın "rəsmiləşdirdirilməsi” "Qarabağ klanı” ilə həmrəylik nümayiş etdirməyə hesablanıb. Bunun fonunda Azərbaycanın avtomobil karvanını sülhməramlılarla birlikdə separatçıların da yoxlaması "əzələ nümayişi”dir. Ruslar terrorçu rejimin mövcudluğunu nümayiş etdirirlər.
Ekspertin sözlərinə görə Rusların və separatçıların ərazilərimizdə olduğu müddətdə belə təxribatların bu və ya digər formada davam edəcəyi bəllidir:
"Lakin cari dövrdə buna qarşı cavab tədbirlərinin görülməsi zərurəti var. Rəsmi Bakı siyasi kanallarla Rusiyaya etirazını bildirirə bilər, hərçənd, praktiki addımlara daha çox ehtiyac var. Çünki Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin "təhlükəsiz şəraitdə” yaşamasına şərait yaradır. Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə onların nə rahat həyatı, nə də gələcəyi olacaq”.
Turan Rzayev