Rusiyanın daxilində nə baş verir? Kadırov-Putinə qarşı - Siyasi təhlil.
4-02-2022, 00:08

Putin NATO-dan təhlükəsizlik təminatı tələb edərkən, öz ölkəsinin daxilində bütün təhlükəsizlik normaları tapdalanıb. Xatırladım ki, Eltsin dövründə hakimiyyət Çeçenistanın daxilində gedən proseslərə müdaxilə edə bilmirdi, 25 il keçsə də indiki Rusiya həmin nöqtəyə qayıdıb.
Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Adam Delimxanov Çeçenistan rəhbəri Ramzan Kadırovun siyasətini tənqid edənlərin başını kəsəcəyini vəd edib. “Bilin ki, gecə-gündüz canımızı, malımızı əsirgəmədən, başlarınızı kəsib öldürənə qədər sizi təqib edəcəyik. Həqiqətən sizinlə düşmənçiliyimiz və qan davamız var! Bu, bu videonu rus dilinə çevirənlərə də aiddir. Əgər başınızı qaldıra biləcəyinizi düşünürsünüzsə, Allaha and olsun, başınızı kəsəcəyik! Yer üzündəki bütün qanunlar bizə qarşı olsa belə, biz yenə də səninlə məşğul olacağıq! Bizi buna görə həbs etsinlər, öldürsünlər və ya nüvə bombası ilə partlatsınlar”. Regionun yüksək vəzifəli şəxsləri bu bəyanata qoşuldular və oxşar video müraciətlər etdilər.
Nə baş verib?
Yanvarın 20-də özlərini Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən maskalı şəxslər təqaüdçü Çeçenistan Ali Məhkəməsinin hakimi Saydi Yanqulbayevin mənzilinə daxil olaraq onun həyat yoldaşı Zarema Musayevanı qaçırıblar. Bu, Qroznıdan 2 min km aralıda - Nijni Novqorodda baş verib. Hakimin özünü götürmək mümkün olmayıb, çünki o, federal mühafizə altındadır. Əslində, nə hakim, nə də onun həyat yoldaşı Kadırova lazım deyil. Onların vasitəsilə Kadırovu tənqid edən “İşgəncələrə Qarşı Komitə”nin hüquq müdafiəçisi Abubakar Yanqulbayevə təzyiq etməyə çalışırlar.
Əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bütün bunları “fantastik hekayə” adlandıraraq deyib ki, Kreml “heç bir sübut olmadan belə hadisələrə inanmamağa üstünlük verir”. İki gün sonra o, sözlərindən imtina edərək “belə bir söz demədiyini” söylədi, çünki müşahidə kameralarında Musayevanın ev paltarında, silahlı şəxslər tərəfindən ayaqyalın sürükləndiyini göstərən videolar var.
Gündən-günə vəziyyət gərginləşir, Ramzan Kadırov dayanmadan "Yanqulbayevin ailəsini məhv edəcəyik" tipli bəyanatlar verir. Dünən səhər isə Çeçenistanda Yanqulbayev ailəsinə qarşı 400 min insanın iştirakı ilə mitinq keçirilib. Mitinq iştirakçılar bəyanat veriblər, bəyanatda deyilir ki, "bizim dövlətimizə qarşı işləyən insanlar cəzalandırılmalıdır". Bizim dövlət? Söhbət Rusiyadanmı gedir, Çeçenistandanmı? Maraqlısı odur ki, mitinqdə bir çox Çeçenistan bayraqları ilə yanaşı bir dənə Rusiya bayrağı belə görsənmədi. S
Axşam isə Putin Kadırovla görüşdü.
Dmitri Peskova dünən bu görüş haqqında, Yanqulbayevlərə qarşı addımlar haqqında bir neçə sual verilib. Peskov bu suallara cavabdan yayınıb("bu haqda məlumatın yoxdur", "bu suala cavabım yoxdur" və s.)
İndi isə keçək mahiyyətə. Çeçenistan uzun müddət QRU-FSB qarşıdurmasının poliqonu idi. Nəticədə isə Kadırov ona "daha çox təklif edən"in tərəfi seçdi. "Kadırov Putinin sadiq adamıdır" ifadəsi kökdən yanlışdır, Kadırov öz cibin və öz maraqlarının adamıdır. Bu günə kimi Çeçenistana büdcədən böyük məbləğdə pullar ayrılırdı, verən razı, alan razı. Hal-hazırda isə geosiyasi qarşıdurmanın pik nöqtəsində Kadırov istədiyi ala bilmir, Putinin artıq Kadırovun nazı ilə oynamaq üçün pulu yoxdur, yaranan durum isə Kadırovu qıcıqlandırır və bu qıcığı belə qanunsuzluqlar və cinəyətlərlə ifadə edir.
Kamran Cəfərov
Teref.az