Rusiyanın şərtləri və “dəhlizi”: - Kiyev necə razı olsun?
8-03-2022, 12:33

Rusiya ilə Ukrayna arasında 10 raund görüş keçirilsə də, indiki şərtlər daxilində real nəticə olmayacaq. Çünki Kreml Ukraynanın əllərini qaldırıb təslim olmasını – Krımın Rusiya ərazisi kimi, Donbasın isə “müstəqilliyini” tanımasını, silahsızlaşdırılmasını və neytral statusunu elan etməsini tələb edir. Teref.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Ukrayna və Rusiya nümayəndə heyətləri arasında baş tutan görüşlə bağlı qeyd edib.
“Danışıqlar davam etdiyi müddətdə Rusiyanın işğalçı ordusu Kiyevə yaxın şəhərləri bombalayırdı. Tərəflərin ikinci görüşündən sonra mülki əhalinin çıxması üçün şəhərlərdə dəhlizlərin açılması nəzərdə tutulmuşdu. Kreml bütün dəhlizlərin Rusiya ərazisinə uzanmasını istəyib. Evi dağılan, doğmasını itirən, işsiz qalan ukraynalı hansı məntiqlə işğalçı ölkənin ərazisinə keçməlidir? Ukraynanın şəhərlərində küçə döyüşləri gedir, işğalçılar tanımadıqları ərazidə pusquya düşürlər. Təslim olan rusiyalı hərbçilərin sayı o qədər artıb ki, Ukraynada onlar üçün bir neçə düşərgə salınması gərəkəcək”, - politoloq bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların 3-cü raundu bu gün Belarus ərazisində baş tutub. Rusiya nümayəndə heyəti görüşdən istədikləri nəticəni almadıqlarını bildirib.