Avropa Putinə "qurşaqdan aşağı" zərbə hazırlayır

6-05-2022, 15:37           
Avropa Putinə "qurşaqdan aşağı" zərbə hazırlayır
Avropa İttifaqı Rusiya prezidenti Putinin sevgilisi olduğu və 4 uşaq anası olduğu iddia edilən Alina Kabayeva və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Sanksiya siyahısında Putinə böyük zərbə vuracağı düşünülən digər adlar da var.

Bizimyol.info xəbər verir ki, Bloomberg-ə iki mənbə bildirib ki, Avropa İttifaqı (Aİ) Putinin sevgilisi olduğu iddia edilən keçmiş olimpiya gimnastı Alina Kabayevaya sanksiya tətbiq edəcək. Adı illərdir Rusiya lideri ilə hallanan, hətta Putindən 4 gizli övladı olduğunu iddia edən Alina Kabaeva müharibə başlayandan bəri ən çox müzakirə edilən adlardan biridir.

Bloomberg qeyd edir ki, Aİ sənəd layihəsində Kabayeva "prezident Vladimir Putinlə yaxından əlaqəli" kimi təsvir olunur.

Xatırladaq ki, altı il Putinin “Vahid Rusiya” Partiyasında deputat işləyən gənc qadın Rusiyada media nəhəngi olan Milli Media Qrupunun idarə heyətinin sədri olub. Media sahəsində təcrübəsi olmasa da, Rusiya hökuməti ilə yaxın münasibətdə olduğu bilinən şirkətdə 8 milyon funt-sterlinq maaş alan Kabayevanın Putinin sərvətinin xaricdə gizlədilməsində əli olduğu düşünülür.

ABŞ-ın aparıcı media orqanlarından biri olan “Wall Street Journal” bu yaxınlarda Vaşinqton administrasiyasının Kabayevaya qarşı sanksiyalar tətbiq etməkdən qəsdən yayındığını iddia edib.

Bildirilir ki, ABŞ rəsmiləri Putinin belə bir vəziyyəti “şəxsi hücum” kimi qəbul edəcəyindən və iki ölkə arasında gərginliyin daha da artacağından ehtiyat edərək, Kabayevaya qarşı sanksiyalar tətbiq etməkdən son anda imtina ediblər.

Sanksiyaların digər hədəfi olan Patriarx Kirillin adı Ukraynanın işğalının tərəfdarı olduğu əsası ilə siyahıya salınıb. Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən biri hesab edilən Kirill mart ayında etdiyi çıxışda Ukraynanın “günahlarının bədəlini ödədiyini və liberal əcnəbilər sırasına qoşulduğunu” deyib. Katolik kilsəsinin ruhani lideri Papa Fransisk Patriarx Kirili işğala dini baxımdan haqq qazandırmağa çalışmaqda ittiham edib.

Avropa yeni sanksiyalar çərçivəsində Kremlin sözçüsü Dmitri Peskovun ailəsini də hədəf alıb. Peskovun həyat yoldaşı Tatyana Navka Krımdakı şəxsi mülklərinə görə sanksiya siyahısına salınarkən, Peskovun 31 yaşlı oğlu Nikolay Peskov və 24 yaşlı qızı Yelizaveta Peskova da sanksiya siyahısına əlavə edilib.

Yeni sanksiya siyahısında yer alması gözlənilən digər adlar arasında Rusiyanın ən zəngin adamı Aleksey Mordaşovun həyat yoldaşı Marina Mordaşov, Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri Mixail Mizintsev və Rusiyanın ən böyük polad şirkəti Severstal-ın sahibi Aleksey Mordaşov da var.

Leyla, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.