Bir senator Ukraynaya $40 milyardlıq yardımı saxladı

13-05-2022, 08:36           
Bir senator Ukraynaya $40 milyardlıq yardımı saxladı
Respublikaçı senator Rend Polun demarşı nəticəsində ABŞ senatında Ukraynaya kömək haqqında qanun layihəsinin qəbulu baş tutmayıb.

Layihəni bu həftə ərzində parlamentdən keçirmək nəzərdə tutulurdu. Mayın 11-də Nümayəndələr palatası öz razılığını vermişdi. Mayın 13-də layihənin Senatdan da sürətlə keçəcəyi güman edilirdi.

Amma müzakirə zamanı Kentukki ştatından Rend Polun sənədə yeni norma daxil etmək tələbi planı pozdu. Senator ayrılan vəsaitin xərclənməsinə nəzarət üçün xüsusi federal orqan yaratmağı zəruri hesab edir və bunun sonradan ayrıca əlavə, yaxud düzəlişlərdə deyil, mütləq qanunun ilkin mətnində göstərilməsini istəyir.

Nəticədə layihənin növbəti müzakirəsi gələn həftəyə qalıb. Xatırladaq ki, prezident Bayden Konqresi onu mümkün qədər tez qəbul etməyə çağırmışdı. Əks təqdirdə, hazırkı yardım proqramının müddəti başa çatana qədər, yəni mayın sonunadək prezident yeni qanunu imzalamağı çatdırmaya bilər.

Növbəti yardım paketi aşağıdakıları ehtiva edir:

$6 mlrd – avadanlıq, silah, təlim xərcləri də daxil olmaqla, təhlükəsizlik işlərinə yardım üçün;

$8,7 mlrd – Ukraynaya göndərilən Amerika ehtiyatlarının yerinin doldurulması üçün;

$3,9 mlrd – Avropa komandanlığının əməliyyat xərcləri üçün;

$4 mlrd – Ukrayna və digər ölkələrə dəstək məqsədi ilə xarici hərbi maliyyələşdirmə üçün;

$5 mlrd – humanitar (ərzaq) yardımı üçün;

$9 mlrd – Ukraynanın iqtisadi dəstək fondu üçün.

Vəsaitin qalan hissəsi Ukrayna qaçqınlarına köməyə və Putinlə bağlı olan Rusiya oliqarxlarının axtarışına sərf ediləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.