Putinin “baş mollası”ndan səlahiyyətini aşan açıqlama - “Müsəlman dünyası...”

24-05-2022, 12:01           
Putinin “baş mollası”ndan səlahiyyətini aşan açıqlama -
Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin İslam və ərəb dünyasının Kreml rəhbərinin qərarına rəğbət bəslədiyini iddia edib, müharibə ərəb ölkələrində ərzaq bahalaşması yaradıb; ekspert: “Onun dünya müsəlmanları adından danışmağa nə hüquqi, nə mənəvi haqqı var”
Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin İslam aləmini qaynadan iddia ilə çıxış edib. Onun sözlərinə görə, İslam dünyası Putinin, Rusiyanın Ukraynada apardığı “xüsusi əməliyyat”da qələbəsini gözləyir. Tatar kökənli müfti ardınca bəyan edib ki, bütün İslam dünyası, ərəb dünyası prezidentimizin qərarına rəğbət bəsləyir, Rusiya siyasətinin qələbəsini gözləyir və bir dövlətin hegemonluğunda, birqütblü dünyanın yaradılmasında qətiyyən maraqlı deyil. R.Qaynutdin artıq neçənci dəfədir Kremlin təbliğat kuklaları olan Simonyan sayağı, Solovyev sayağı danışır. Ancaq o, üstəlik, bütün ümmətin, islamçıların və ərəb dünyasının adından hökm çıxarıb.
=Bəs gerçəklik nədən ibarətdir? İslam ölkələri həqiqətən Ukraynanın məğlub, Rusiyanın qalib olmasını istəyir? Türkiyəyə, Səudiyyə Ərəbistanına, BƏƏ, İrana və s. hansı variant sərf edir? Əslində baş müfti tamamilə ağ yalan danışıb. Çünki müsəlman ölkəsi olan Türkiyə və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlayıblar. Habelə, ərəb ölkələri rəsmi şəkildə Rusiyanın addımlarını təqdir edən rəsmi bəyanatlar yaymayıblar. O halda Qaynutdin haradan o qənaətə gəlib ki, İslam dünyası Putinin “Z” ordusunun hərbi təcavüzünü dəstəkləyir və qələbəsini arzulayır?
Yeri gəlmişkən, “The Financial Times” qəzeti Rusiyanın Ukraynaya qarşı müharibəsinin ərəb ölkələrində ərzaq qıtlığına səbəb olmasından yazmışdı. Nəşr Ukrayna və Rusiyadan gələn buğda və bitki yağının ərəb dünyasında vacib məhsullar olduğunu qeyd edirdi. BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu artıq Yaxın Şərqdə və Şimali Afrikada ərzağın bahalanmasının və məhsul qıtlığının hiss olunduğunu bildirir. Ukrayna Livandan savayı, Tunis, Liviya, Suriyaya da əsas buğda təchizatçısıdır. Dünyada ən böyük buğda idxalçısı Misir buğdanın 80 faizini Rusiya və Ukraynadan idxal edir. Amma bu, iqtisadi təsirlərdir, təbii ki, ərəb ölkələri bu vəziyyətdə müharibənin dayanmasını arzulaya bilərlər, daha Rusiyanın qələbəsini yox. Deməli, baş müfti İslam dünyasını aşağılayıb və təcavüzkara dəstək verməkdə ittiham edib.

AĞ Partiya başqanının müşaviri, dini mövzular üzrə mütəxəssis olan Azər Hüseynovun “Yeni Müsavat”a bildirdiyinə görə, Qaynutdinin dünya müsəlmanları adından danışmağa nə hüquqi, nə mənəvi haqqı var. A.Hüseynov hesab edir ki, o, vəzifədə olan bir din xadimidir və müsəlman dünyasında da təsir imkanları geniş deyil: “Onun danışığının İslam dünyası ilə əlaqəsinin olduğunu düşünmürəm. Sadəcə, Rusiya kimi ölkədə açıq cəmiyyət olmadığı üçün o da fikrini belə ifadə etməklə hakimiyyətə yaxınlaşmaq cəhdi göstərib. Onun sözləri həqiqəti əks etdirmir. Heç Ravilin Rusiya müsəlmanları üzərində nə kimi təsirlərinin olması özü sual doğurur”. Müsahibimiz qeyd etdi ki, baş müftinin açıqlamaları bir çox dindarlar arasında qıcıq yaradıb: “Onun kimi din xadimlərinin təsir imkanları minimal həddədir. O, İslam və müsəlman dünyasının arzularını ifadə edə bilməz. Bunun üçün Suriyaya baxsın, görsün ki, ərəblərin Putinə münasibəti nədən ibarətdir”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Rusiyada Putinin əleyhinə çıxış edən adda-budda tanınmış adamlar tapmaq olar. Onun sözlərinə görə, bununla belə, baş müfti müsəlman dünyası adından danışmağa məcbur qalıbmış kimi görünür: “Kadırovdan sonra Qaynutdin müsəlmanların antipatiyasını qazandı. Hər ikisi işğala haqq qazandırır. İslam işğala qarşı mübarizəyə çağırır. Deməli, müsəlman dünyası iki xristian ölkəsinin müharibəsində işğala məruz qalan Ukraynanın yanındadır. Biz başda Türkiyəni və Azərbaycanı qeyd etməliyik. Digər ölkələr də ehtiyatlı siyasət yürütsələr də, Ukraynada rusun qələbəsini arzulamırlar. Eyni zamanda kadırovçular istisna, özünü müsəlman sayan heç kəs Rusiyanın qalib gəlməsini istəmir və bunu dilinə də gətirmir. Gəlin, baş müftinin çıxışını məsuliyyətsizlik və məcburiyyət adlandıraq. Onun Putinin əleyhinə çıxmaq fürsəti yoxdur”.
Emil SALAMOĞLU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.