“Brüseldə irəliləyiş olan kimi Kəlbəcəri atəşə tuturlar…” – Erməni provakasiyası, yoxsa “rus barmağı…”

6-07-2022, 20:24           
“Brüseldə irəliləyiş olan kimi Kəlbəcəri atəşə tuturlar…” –
İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Xatırladaq ki, ötən aydan etibarən ermənilərin Kəlbəcər rayonunu atəşə tutduğuna şahidlik edirik. Belə olan halda Azərbaycan tərəfi hansı addımlar atmalıdır? Teref.az-ın məlumatına görə, sualı cavablandıran siyasi analitik Turab Rzayev Sfera.az-a açıqlamasında ermənilər tərəfindən bu cür provakasiyaların davam edəcəyini söyləyib:

“Hətta belə halların artdığını da görəcəyik. Çünki Azərbaycanla-Ermənistan arasında Brüsseldə görüşlər keçirilib və bu görüşlər nəticəsində Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üzərindəki iddialarından əl çəkmək istəyirdi. Aydındır ki, belə olan halda Azərbaycan və Ermənistan sərhədləri delimitasiya və demarkasiya edə biləcəklər, sülh müqaviləsi imzalayacaqlar, beləliklə, dövlətimizin ərazi bütövlüyü təmin olunacaq. Bütün bunlar baş verməsin deyə “Dağlıq Qarabağ” adlanan ərazidə rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan torpaqlarında qarşıdakı zamanlarda da belə təxribatlara şahid olacağıq”.

Analitikin fikrincə, ermənilərin bu təxribatlarının arxasında məhz Rusiya dayanır:

“Rusiya düşünür ki, Qarabağ problemi həll olunarsa, Azərbaycan və Ermənistana təzyiq vasitəsini itirəcək. Ona görə də rəsmi Moskva hər vəziyyətdə Qarabağdakı qondarma rejim qalıqlarının mövcudluğuna çalışacaq. Hətta Ermənistan ən son halda Qarabağdakı separatçı rejimdən imtina edərsə, Rusiya onu birbaşa öz himayəsinə götürəcək. Bunun əlamətlərini də görürük. Məsələn, rus dilinin Qarabağda rus sülhməramlılarının olduğu ərazidə ikinci dövlət dili olması, rus rublunun əsas pul vasitəsi kimi işlənməsi, Rusiya mədəniyyət mərkəzlərinin açılması və.s Bütün bunlarla onu demək istəyirlər ki, Rusiya həmin ərazini tərk etmək və Azərbaycanın nəzarətinə qaytarmaq istəmir. Kreml hətta Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalanmasına hər vəziyyətdə mane olmağa çalışır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.