Brüsselə yox dedik, yaşasın Vaşinqton!

26-11-2022, 17:28           
Brüsselə yox dedik, yaşasın Vaşinqton!
Cəbhəçilərin bir çoxu elə zənn edir ki, Əli Kərimli Azərbaycan prezidenti olsaydı Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı düşmənçilik siyasəti yeritməzdi. Müsavatçılar arasında da belə düşünənlər az deyil ki, əgər İsa Qəmbər Azərbaycan prezidenti olsaydı Fransa Azərbaycana dost olardı. Belələri Qurana and içər ki, demokratik ölkələr arasında ziddiyyət olmur...
Ancaq reallıq tam əksini deyir. Məsələn, ABŞ-la Almaniya və Fransa arasında ciddi ixtilaflar var. Fransa ilə Almaniya arasında nə vaxtdır ki, soyuq küləklər əsir. Fransa ilə İtaliyanın münasibətləri getdikcə kəskinləşir. Macarıstanla bir sıra Avropa ölkələri qanlı-bıçaqdır. Hələ bunlar Avropanın böyük ölkələridir. Kiçik ölkələrin ətrafdakı qonşularla problemləri daha çoxdur və. s.
Bizim demokratların uydurduğu arqumentə görə, əslində Fransa Azərbaycanda demokratiyanı müdafiə edir. Ona görə də Azərbaycanla yox, məhz İlham Əliyevlə düşmənçilk aparır. Yəni cənab Makron Azərbaycanı diktatura rejimindən xilas etmək üçün belə edir. Əslində o, əsl demokrat kimi Azərbaycan xalqının qayğısına qalır. Xalqımızın rifahı naminə belə radikal yanaşma sərgiləyir. Azərbaycan demokratik ölkə olsa, cənab Makron Azərbaycanla Ermənistan arasında heç bir fərq qoymaz...
Əlbəttə, bu arqument uydurmadan başqa bir şey deyil. Ermənistan cəmi 4 ildir ki, demokratik ölkə imici qazanıb. Dağlıq Qarabağ problemi isə 30 ildən çoxdur ki, mövcuddur. Və bu illər ərzində Fransa, bütövlükdə Qərb diktatorların, özü də qanlı diktatorların idarə etdiyi Ermənistanın yanında olub. Azərbaycanda ən demokratik adam Əbülfəz bəy idi. O, prezident olanda, yəni 1992 -ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul olundu. Konqresdə kimsə bu məsələ ilə bağlı Azərbaycanın rəyini belə soruşmadı. Təsəvvür edin ki, Ermənistan Azərbaycan torpaqların işğal edir, Amerika da bu tərəfdən erməni işğalçılarına dəstək vermək üçün Azərbaycanı cəzalandırır.
Fransa isə ABŞ-dan da betər şəkildə Ermənistanın yanındadır. Nikol Paşinyanın Brüssel görüşü üçün şərt irəli sürməsi, yəni “Makronsuz görüşə qatılmaram” şərti təsadüfi deyil. Fransa Brüssel görüşündə Ermənistana dəstək verməkdə israrlıdır...
Sözümün canı o ki, özümüzü aldatmayaq. Dağlıq Qarabağ məsələsinin demokratiyaya elə bir dəxli yoxdur. Bu, birmənalıdır və fərqli yozumlara meydan buraxmır.
Mənim baxışıma görə, Azərbaycan iqtidarının ən böyük səhvi odur ki, biz Emmanuel Makronun Praqa görüşündə 4-cü tərəf qismində iştirakına razılıq verdik. Və bu razılıqdan sonra Fransa Senatı Azərbaycana qarşı daha böyük azğınlıq ortaya qoydu...
Qərb mətbuatını nəzərdən keçirdim. İlham Əliyevin “dekabrın 7-də Brüssel görüşü olmayacaq” bəyanatı geniş rezonans doğurub.
Ermənistan və Azərbaycan rəhbərliyi əsasən Moskva, Brüssel və Vaşinqtonda görüşüblər. Moskvanın tərəflərə təsir imkanları getdikcə zəifləyir. Ona görə də sonuncu Moskva görüşü demək olar ki, nəticəsiz başa çatdı. Brüssel görüşünün qarşısını isə Emmanuel Makron kəsdi. Hazırda tərəflər yalnız Vaşinqton müstəvisində görüşə bilərlər...
Şübhəsiz ki, Emmanuel Makronun yersiz müdaxiləsi rəsmi Vaşinqton üçün yeni imkan yaradıb. Təbii ki, Amerika bu imkanı əldən verməyəcək.
Əlbəttə, o da mümkündür ki, Avropa İttifaqı Emmanuel Makronla bağlı problemi aradan qaldıracaq. Vaşinqtonla Brüssel demək olar ki, eyni mövqedən çıxış edir. Amma bu iki siyasi mərkəz arasında da rəqabət var. Mənim baxışıma görə, Brüssel bu rəqabətdə xeyli irəlidə idi. Emmanuel Makronun iddialı tələbindən sonra Brüssel əldə etdiyi üstünlükləri itirə bilər. Aydındır ki, Brüsseldə bütün bunları hesablayan, təhlil edən beyin mərkəzləri var. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün baş tutması üçün konkret hansı addımlar atacaq? Konkret cavab vermək çətindir. Ancaq o, son dərəcə təcrübəli siyasətçidir. Kifayət qədər manevr imkanları da var...
P.S Şübhəsiz ki, Azərbaycan demokratik ölkə olmalıdır. Azərbaycanda demokratiya olsa, ermənilərin müdafiəsi üçün bizə olan süni təzyiqlər xeyli zəifləyəcək. Ancaq aradan qalxmayacaq. Çünki hər ölkənin öz marağı var. Fransanın da marağı bəllidir. Rəsmi Paris Ermənistan üzərindən Türkiyə və Azərbaycana təzyiq etmək xətti tutub. Bəxtimiz onda gətirib ki, Ermənistan çox balaca və iqtisadi imkanları ondan da balaca bir ölkədir. Fransanın isə Cənubi Qafqazda söykənə biləcəyi başqa bir ölkə yoxdur...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.