1829-cu ilin 30 yanvarında baş verən olaylarla 2023-cü ilin 27 yanvarında baş verən olay şox fərqlidir...

29-01-2023, 09:45           
1829-cu ilin 30 yanvarında baş verən olaylarla 2023-cü ilin 27 yanvarında baş verən olay şox fərqlidir...
Rus ədib və səfir Qriboyedovun Tehranda, 37 əməkdaşı ilə birgə tikə-parça edilməsini çağdaş hadisə ilə müqayisə etmək o qədər yanlış və bilgisizlikdir ki... deməyə söz tapmıram.
"Türkmənçay Müqaviləsi"nin şərtlərinə görə Ağa Məhəmməd şah Qacarın 1795-ci ildə Tiflisdən, ətrafından aldığı 20 min və sonrakı savaşlarda alınan bütün əsirlər, eləcə də bütün İran erməniləri rus təbəəsi sayılırdı. Rusların məqsədi İran ermənilərini İrəvana, Naxçıvana, Qarabağa - rus imperiyasının cənub sərhədlərinə köçürmək idi. Bu köçə Qriboyedov başda olmaqla gürcü generallar rəhbərlik edirdilər.
Qriboyedovun arvad qohumları olan gürcülər və ermənilər İranda müsəlman evlərinə soxulub nigahlı arvadları tələb edir, zor gücünə, atlı kazakların qabağına qatıb səfirliyə aparırdılar. Bu arvadlar islamı qəbul edib müsəlman kişilərə ərə getmiş, oğul-uşaq sahibi olmuş erməni qadınlar idi. O vaxtkı şüur da indiki deyildi, əgər bir qadın islamı qəbul etmişdisə onun milləti önəmli sayılmırdı.
Tehran camaatının rus səfirliynə hücum etməsinin səbəbi Qriboyedovun açıq-aşkar türk-müsəlman düşmənçiliyi, harınlığı, yerli adətlərə, dini dəyərlərə tüpürməsi, erməni yavərlərinin və əxlaqsız kuzeninin dükan-bazardakı azğınlığı, sərxoş olub küçələrdə rast gəldikləri qadınları evlərinə sürümək cəhdləri idi. Bu kimi rus əxlaqsızlığı və daha ağır səbəblər ucbatından camaat küçələrə tökülməsi idi. Səlahiyyətli bir səfirin - vəzir-muxtarın özünü diplomat kimi deyil, heyvan kimi aparması idi.
Lütfən, hadisələri eyniləşdirməyin. 1829-cu ilin 30 yanvarında baş verən olaylarla 2023-cü ilin 27 yanvarında baş verən olay yerlə göy qədər fərqlidir.
Bizim səfirlik heş bir diplomatik həddi aşmamışdır. Olduğu dövlətin heysiyyatı ilə, xalqın namusu ilə oynamamış, yerli adət-ənənələri tapdalamamışdır.
Bu "kalaşnikov hücumu" Qriboyedovu atın quyruğuna bağlayıb Tehran küçələrində sürüyən xalqın qəzəbi deyil... tamam başqa bir mesajdır...
Mehriban Vəzir
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.