Qərb hələ ilk növbədə Rusiyanı Ermənistandan çıxarmaqla məşğuldur... - İNCƏLƏMƏ...

2-03-2023, 11:15           
Qərb hələ ilk növbədə Rusiyanı Ermənistandan çıxarmaqla məşğuldur... - İNCƏLƏMƏ...
Rusiyanın XİN başçısı Sergey Lavrovun Bakıya səfəri Ermənistan-Rusiya gərginliyini bir qədər də artırıb. DİA.AZ bildirir ki, Lavrovun Bakıdan İrəvana "Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz" ifadəsi və İrəvanın siyasəti ilə bağlı tənqidi fikirləri Ermənistanda heç də xoş qarşılanmayıb. Parlament sədri Alen Simonyan İrəvandan Lavrova bu şəkildə cavab verib: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Simonyanın Rusiyaya qarşı çıxışı rus sosial şəbəkə seqmentinin sərt reaksiyasına səbəb olub.

İnternet üzərindən yayımlanan kanallar Ermənistanı banan respublikası, Simonyanı isə "siyasi əxlaqsız" adlandırıblar. Qeyd edək ki, İrəvan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirib. Növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan “Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi” şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəy sorğuları da Rusiyanın Qərbdən geridə qaldığını göstərir.

Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Moskvanın İrəvanla bağlı sərt reaksiyası gözlənilən idi. Analitik vurğulayıb ki, Rusiya birmənalı olaraq Avropa İttifaqı missiyasının bölgəyə gəlişini Qərbin regiona ekspansiyası kimi qəbul edir:

"Moskva düşünür ki, Aİ missiyasının arxasında birbaşa ABŞ durur. Vaşinqton Aİ-nin əliylə bölgəyə daxil olur. İlk hədəf Ermənistanda Qərbin varlığını reallaşdırmaqdır. İkinci hədəf isə Ukraynadakı konfrantasiya sisteminin gələcəkdə Cənubi Qafqaza daşınması və Rusiyanın tamamilə sıxışdırılıb çıxarılmasıdır. O baxımdan Rusiya rəhbərliyi və digər rəsmilər Aİ missiyası məsələlərinə, Ermənistanın bu işdə xüsusi həvəs göstərməsinə olduqca sərt mövqe ortaya qoyur. İrəvan məqsədli şəkildə Rusiyanın etirazlarını "bölgədə başqa vasitəçilərdən qıcıqlanma" kimi təqdim edir. Kreml iddia edir ki, danışıqların bir neçə müstəvidə getməsi ümumi prosesi poza bilər. İrəvan isə fərqli platformalarda danışıqların aparılmasının sülh prosesini sürətləndirəcəyini deyir. Əslində reallıq odur ki, Rusiya bölgədə sülhün, əmin-amanlığın bərpa olunmasında maraqlı deyil. Aydındır ki, Moskva Qarabağ məsələsindən həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiq vasitəsi kimi çıxış edir. O səbəbdən Rusiyanın "fərqli platformalar sülh prosesini pozacaq" yanaşması anlaşılan deyil. Yəni bilmək olmur ki, Kreml Azərbaycan-Ermənistan arasında sülh prosesinin sürətlənməsinə qarşı çıxır, yoxsa Qərbin bölgəyə gəlməsinə?! Əgər burada problem Qərb vasitəçiləridirsə, onda Rusiya niyə ötən iki il ərzində İrəvan-Bakı arasındakı sülh prosesində ciddi və yekun addımı atmır? Bizi maraqlandıran məqam budur".
Ekspert vurğulayıb ki, əgər Kreml Qərbin əvəzinə problemi həqiqətən özü çözmək istəyirsə, rəsmi Bakı bunun əleyhinə deyil: "Nikol Paşinyan açıq kartlarla oynayır. Baş nazir Rusiyanın himayəsindən birmənalı imtina edərək ölkəni Qərbə inteqrasiya etdirmək istəyir. Ermənistan rəhbərliyinin bütün addımları da bu yöndədir. Baş nazir KTMT görüşlərinə qatılmır və təşkilatın Ermənistanda təlim keçirməsinə imkan vermir. Gizlətmədən, aşkar formada Moskvaya qarşı siyasət yeritdiyini göstərir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.