"Terrorçudan qalib futbolçu kimi müsahibə də aldılar, bu, tarixdə görülməyib"

2-03-2023, 12:35           
"Terrorçudan qalib futbolçu kimi müsahibə də aldılar, bu, tarixdə görülməyib"
İrandakı Azərbaycan səfirliyində həyata keçirilən terror aktından 1 ay keçməsinə baxmayaraq, hadisə ilə bağlı İran rəsmiləri tərəfindən heç bir tədbir görülməyib. Görünür, İranın Azərbaycanla münasibətlərini normallaşdırmaq kimi niyyəti yoxdur. 44 günlük müharibədə Azərbaycanın qələbəsi İranın “regionun hegemon dövləti” obrazını əlindən aldı. Bu gün İran sıradan, terrorçu, riyakar bir dövlətdir. İran daxilində olan ixtişaşlar, aksiyalara çıxan etirazçıların edam edilməsi fonunda İran artıq İslam dövləti statusunu da itirir…
Bəs Azərbaycanın bu davranışlara münasibəti necə olmalıdır?
TEREF.AZ-ın məlumatına görə, “Ağ Partiya”nın sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalna açıqlamasında bildirib ki, İran bu hadisəni terror aktı kimi qəbul etmədi.

“Hadisəni törədən terrorçudan futboldan çıxmış qalib futbolçu kimi müsahibə də aldılar. Bu, tarixdə görülməyib. Səfirliyə basqın edəsən, səndən orada sakit şəkildə və heç nə olmamış kimi müsahibə götürələr. Belə bir hadisə demək olar ki, olmamışdı. Bu da bir ilk idi. Terrorçuya heç bir fiziki güc və ya təzyiq göstərilmədi. Sonra da üzərinə “psixi” xəstə diaqnozu əlavə edib psixi xəstəxanaya göndərdilər, cəzaçəkməyə deyil”,- deyən politoloqun fikrincə, bu İranın Azərbaycana qarşı olan hörmət çərçivəsindən kənar münasibətinin təzahürüdür.

Əhəd Məmmədlinin fikrincə, İran həmin terror aktı ilə Azərbaycana bir mesaj da vermiş oldu. Eyni zamanda terrorçunu da qorudu.

“Yəqin həmin şəxs 1-2 ilə psixi xəstəxanadan çıxıb, azad şəkildə həyatına davam edəcək. Azərbaycan bu mesajı nəzərə almalı, uyğun vaxtda eyni şəkildə İrana bu cavabı qaytarmalıdır. Çünki dövlətləri dövlət edən belə vəziyyətlərdən lazımi məqamda öz xeyirlərinə istifadə etmək bacarığıdır”, - deyə Əhəd Məmmədli əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.