Samsonyan bayraq yandırana səsləndi: - "Nikolyan, sən qəhrəman deyilsən!"

15-04-2023, 17:15           
Samsonyan bayraq yandırana səsləndi: -
"Çiçəklənən Ermənistan" Partiyasının funksioneri Ani Samsonyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dizayner Aram Nikolyanın Azərbaycan bayrağını yandırmasını qınayıb.
TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, o yerli mediaya verdiyi açıqlamada deyib ki, belə addımlar qəhrəmanlıq sayılmamalıdır.
- İrəvanda Azərbaycan bayrağı yandırılır? İşıqlı və təhlükəsiz bir zalda? Əgər belə cəsarətlisənsə, onda hərbi formanı geyin və sərhədə doğru get. Sən qəhrəman deyilsən. Qəhrəmanlar Ermənistan ordusunda xidmət edirlər... Hansılar ki, isti evlərini və yaşadıqları məkanları tərk ediblər. O oğlanlar ki, soyuqda da, istidə də öz iradələrini qoruyub saxlayırlar. Dövləti qoruduqları üçün sevgilisini tərk edən, ya da sevgili tapmayan oğlanlar. Vətən naminə alnından güllələnməyə hazır olan oğlanlar, - erməni siyasətçi şou göstərənlə əsgər kimi xidmət edənin xidmətlərini müqayisə edib.

Bundan başqa, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, deputat Arpi Davoyan da bu vandal əmələ haqq qazandırmayıb: “Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”.

O həmçinin vurğulayıb ki, "Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallığı yaşanıb. Aram Nikolyan adlı İctimai televiziyanın əməkdaşı bayraqdarın əlindən Azərbaycan bayrağını alaraq yandırıb. Bu da azmış kimi polis bölməsinə aparılan Nikolyan heç nə olmamış kimi sərbəst buraxılıb

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.