Ermənistan tərəfi sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA YAYDI
13-05-2023, 12:01

“Ermənistanın delimitasiya komissiyası Tex kəndi yaxınlığında Azərbaycanla dəqiqləşdirmələrdə iştirak etməyib. Hazırkı mərhələdə tərəflər hələ də işçi görüşlərin keçirilməsi prosedurunu razılaşdırırlar”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyası məlumat yayıb. Erməni tərəfinin məlumatına görə, Komissiya Zəngəzurun Tex kəndi yaxınlığında planlaşdırılan dəqiqləşdirmələrdə iştirak etməyib. Bu barədə komissiyanın rəhbəri, baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Erməni tərəfinin açıqlamasına görə, işçi görüşlərin təşkili və keçirilməsi qaydasının layihəsi razılaşdırılma mərhələsindədir. Bundan sonra Ermənistan və Azərbaycan komissiyalarının birgə işinə başlaması mümkün olacaq.
“Hazırda Ermənistan və Azərbaycanın baş nazir müavinləri arasında görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur”, – deyə Qriqoryanın ofisindən bildirilib. Qeyd edək ki, daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan kəndin yaxınlığında dəqiqləşdiriləcək 12 kilometrlik xəttin 5 kilometrlik hissəsinin problemli hesab edildiyini açıqlayıb. Lakin müntəzəm dəqiqləşdirmələrdən sonra ərazi daha 1,4 km azaldılıb. Eyni zamanda Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, Ermənistan və Azərbaycan nümayəndələri sərhədi dəqiqləşdirmək üçün Tex-Kornidzor bölgəsində görüş keçiriblər. Ermənistanın ədliyyə naziri, komissiyanın üzvü Qriqor Minasyan mart ayında delimitasiya və demarkasiya üzrə Ermənistan komissiyasının fəaliyyətinin dayanmadığını, müzakirələrin və işlərin getdiyini açıqlayıb.
Xatırladaq ki, 2022-ci il mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb. 2022-ci il mayın 24-də Mher Qriqoryanla Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında ilk görüş Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhəddə baş tutub. 2022-ci il avqustun 30-da Moskvada Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının ikinci iclası keçirilib.