Dehlinin İrəvanla GİZLİ SÖVDƏLƏŞMƏSİ: - Hindistan Qafqaza GİRİR?

4-07-2023, 00:04           
Dehlinin İrəvanla GİZLİ SÖVDƏLƏŞMƏSİ: -
Son zamanlar Ermənistan və Hindistan arasında müxtəlif sahələrdə əməkdaşlıq güclənib. Bunu sübuta yetirən bir çox faktlar mövcuddur. Pakistan-Azərbaycan qardaşlığı fonunda Hindistanın Ermənistana dəstək verməsi Dehli və Bakı arasında gərginlik yaratmasa da, münasibətlərə sərinlik gətirir.Bəs görəsən Hindistanın Ermənistanı dəstəkləməkdə hansısa gizli məqsədləri varmı?

TEREF.AZ bildirir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Əziz Əlibəyli maraqlı məqamlara toxunub. O, Ermənistan və Hindistanın son illərdə hərbi əməkdaşlığını artırdığını təsdiqləyib:
“Hindistan keçmişdə Ermənistana hərbi yardım, o cümlədən silah və sursat tədarükü həyata keçirib. Ermənistan 2022-ci ilin sentyabrında Hindistan silah və sursatları üçün 245 milyon dollar, həmin ilin noyabrında isə reaktiv yaylım atəşi sistemləri və tank əleyhinə raketlər üçün 155 milyon dollar ödəyib. Yəni tərəflər arasında bu istiqamətdə müqavilə imzalanıb. İki ölkə həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və yerli müdafiə sənayesindən istifadə imkanlarını müzakirə edir. 2023-cü ilin mayında Ermənistan davam edən Hindistan-Ermənistan müdafiə proqramlarını əlaqələndirmək və yeni təşəbbüslər irəli sürmək üçün Hindistandakı səfirliyinə hərbi attaşe təyin edəcəyini açıqlayıb. Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq getdikcə artmaqdadır və görünür, iki ölkə müdafiə sektorunda əlaqələrini gücləndirmək niyyətindədir”.

Politoloqun sözlərinə görə, Hindistan, İran, Fransa və Ermənistan eyni xətt üzrə hərəkət edir:

“Bu ölkələr Qafqazda yeni münasibətlər inşa etməyə çalışır. Fransa Ermənistana kvotadan artıq silah verə bilmədiyi üçün hərbi sursatı Hindistan vasitəsi ilə göndərir. Bu, Hindistanın hərbi baxımdan Cənubi Qafqazda iştirakına “töhfə” ola bilər. Digər tərəfdən, Hindistanın Qafqazda bu cür fəallaşmasının başqa səbəbi də Azərbaycan-Pakistan və Çinin isti münasibətləri ilə bağlıdır. Bunun qarşılığı olaraq əks cəbhə kimi Hindistan Cənubi Qafqaza girmək niyyətindədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.