Rusiyanın sərhəd ssenarisi: - Qazaxıstandan sonra Ermənistanda...

29-08-2023, 18:22           
Rusiyanın sərhəd ssenarisi: -
“Rusiya hər hansı bəhanədən istifadə edib Ermənistanın Azərbaycanla sərhəd ərazilərində KTMT-nin qoşunlarını yerləşdirə bilər”.

TEREF.AZ bildirir ki, bu sözləri politoloq Əlimusa İbrahimov Cebhe.info-ya Rusiyanın Ermənistanın Azərbaycanla sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, KTMT-nin hər hansı missiyasının Ermənistanın sərhəd ərazilərində yerləşməsi üçün orada mütləq ciddi təhlükə yaranmalıdır:

“Əgər qonşu ölkələrdən biri Ermənistanın ərazisinə hücum edərsə və ya sərhəd ərazidə qısamüddətli lokal müharibə baş verərsə, bu halda KTMT-nin qoşunları Ermənistana göndərilə bilər. Əslinə qalsa, Rusiya bu məqsədi güdür. Rusiya uzun müddətdən bəri Azərbaycanı Ermənistanın ərazisinə müdaxiləyə təhrik edir. Amma Azərbaycan bunu çox yaxşı başa düşür. Ona görə də Azərbaycanın hərbi-siyasi rəhbərliyi həmin bölgədə vəziyyətin həssas olduğunu nəzərə alaraq bu məsələyə ehtiyatla yanışır. Hesab edirəm ki, Azərbaycan Rusiyanın hiyləsinə uymayacaq”.

Ekspert bildirib ki, Ermənistanda KTMT-nin hər hansı missiyasının yerləşdirilməsi üçün Rusiyaya bəhanə lazımdır:

“Əlbəttə, Rusiya bəhanə tapmaqda o qədər də çətinlik çəkə bilməz. Məsələn, Ermənistanda müəyyən revanşist dairələr vasitəsilə çaxnaşma yaratmaqla bu ölkəyə KTMT-nin qoşunlarını göndərə bilər. Biz bu ssenariyə Qazaxıstanda şahidi olduq. Rusiya uzun müddət bunun üzərində çalışır, amma məqsədini reallaşdıra bilmir. Nə Ermənistanı razı sala, nə də Azərbaycanı təxribata təhrik edə bilir. Eyni zamanda, nəzərə almalıyıq ki, Rusiya diqqətinin Ukraynadakı müharibəyə qarışması səbəbindən Cənubi Qafqazdakı proseslərə tam müdaxilə edə bilmir. Ancaq imkan düşən kimi Rusiya bundan istifadə edəcək. Rusiya hələ ki, Ermənistanla bu istiqamətdə yumşaq dillə danışır. Amma Moskva öz istəyinə nail olmadıqda sərt gücə əl atacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.