“Argentinalı sədrə dedim ki, gəlin bir-birimizi neftə və futbola görə tanımayaq” - deputat

8-07-2016, 11:28           
“Argentinalı sədrə dedim ki, gəlin bir-birimizi neftə və futbola görə tanımayaq” - deputat
“Milli Məclisin Latın Amerikası ölkələr ilə, xüsusilə də Argentina ilə dostluq qrupları var. Amma mən onların fəaliyyətini İsrail dostluq qrupunun fəaliyyəti kimi qiymətləndirmirəm.
İnanmıram ki, Argentina dostluq qrupunun işi İsrail dostluq qrupunda olduğu kimi aktiv getsin.
Uzun illərdir ki, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm. İki dəfə də onların toplantısında iştirak etmişəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, yəhudi deputat Yevda Abramov deyib.
Y.Abramov Argentina Parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilməsinə münasibət bildirərək, söyləyib ki, artıq bundan sonra hər iki ölkə arasındakı münasibətlərdə qarşılıqlı effekt olacaq:
“Bu gün artıq Argentina parlamentində dostluq qrupunun yaradılmasının effekti qarşılıqlı əlaqələrdə daha çox ola bilər. Argentina lazımlı ölkələrdən biridir.
Düzdür, Azərbaycanla Argentina arasında ticarət dövriyyəsi o qədər də çox deyil. Gediş-gəliş də o qədər yoxdur. Artıq bundan sonra əlaqələr daha da güclü olacaq”.
Deputat üzvü olduğu iki ölkə parlamentləri arasındakı işçi qrupun münasibtələrindən də danışıb və bundan əvvəl də Argentina parlementinə təkliflər verdiyini bildirib
“Bir dəfə Bakıda Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri olmadığından Argentina parlamentinin rəhbərini mən qəbul etdim. Sədrə zarafatca dedim ki, gəlin bir-birimizi neftə və futbola görə tanımayaq
Azərbaycanı neft ilə, sizi də futbola görə tanımaq ənənəsinə son qoyaq. Təklif etdim ki, gəlin qarşılıqlı olaraq iqtisadi sazişlər bağlayaq, gediş gəlişi çoxaldaq. Yəni onlar da Azərbaycandakı ictimai-siyasi vəziyyəti görsünlər və böyük işlər görək”.
Yəhudi əsilli deputat Yevda Abramov hesab edir ki, dostluq qruplarının yaradılması heç də əsas şərt deyil, əsas şərt onların effektiv işləməsidir.
Deputat vurğulayıb ki, dünyada ilk dəfə qondarma erməni soyqırımı məsələsini qaldıran dövlətlər məhz Latın Amerikası ölkələri olub:
“Yalnız dostluq qruplarının yaradılması adi kağız üzərində qalsa, heç bir effekt verə bilməz. Bu gün siz də bilirsiniz ki, böyük və kiçik olmasından asılı olmayaraq, bütün dövlətlər bir-birindən asılıdırlar.
Xüsusilə ticarət və siyasi-diplomatik əlaqələrdə kənarda durmaq mümkün deyil. Düzdür, Argentina dəfələrlə qondarma erməni soyqırımını qəbul etdirmək məsələsini müzakirəyə çıxarıb.
Latın Amerikasının əksər ölkələri hətta qondarma erməni soyqırımını qəbul ediblər. Buna görə də Argentina parlamentində Azərbaycan dostluq qrupunun yaradılması çox yaxşı və yerində atılmış addım oldu. Artıq bundan sonra Argentina parlamentində o cür qondarma qərarların qəbul edilməsinə qarşı Azərbaycan da öz sözünün deyə bilər.
Çünki ilk dəfə qondarma erməni soyqırımının tanınması məsələsi məhz elə Latın Amerikası ölkələrindən çıxıb. Sonra bütün dünyada bu məsələ aktuallaşdı və Avropaya yayıldı.
Ona görə də orada bu cür dostluq qrupunun yaradılmasına sevinirəm. Amma əsas məsələ dostluq qrupunun yaradılması deyil.
Əsas olan bu qrupun işinin effektiv olmasıdır. İnanmaq istəyirəm ki, bu dostluq qrupu real və aktiv işlər ortaya qoyacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.