`Ermənistanın gələcəyi Qarabağdan asılıdır` - Səfir
9-07-2016, 12:48
Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqton Hökumətlərarası Professional Qrupu təşkilatının (Washington Intergovernmental Professional Group, LLC) üzvləri ilə görüş keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbir çıxış edən təşkilatın prezidenti Nelson Qarsia rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ABŞ-ın dövlət qurumları və özəl sektorlarında çalışan əməkdaşları ilə xarici ölkələrin Vaşinqton şəhərində yerləşən diplomatik nümayəndəliklərinin üzvləri arasında əlaqələrin qurulması olduğunu qeyd edib.
Daha sonra çıxış edən səfir Elin Süleymanov qeyd edib ki, Azərbaycan 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika qurub və dinindən, etnik kimliyindən və cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqlar verib. Səfir Azərbaycanın hələ ABŞ-dan daha öncə qadınlara seçki hüququnu verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyinə yenidən qovuşduğunu qeyd edən səfir Heydər Əliyevin uzaqgörən və strateji siyasəti nəticəsində ölkəmizin 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə "Əsrin Müqaviləsi"ni imzaladığını vurğulayıb. Ölkə rəhbərliyi tərəfindən aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycanın enerji sektoruna külli miqdarda investisiya cəlb olunub, regionda inkişaf sürətləndirilib və Xəzər dənizinin enerji resurslarını Avropaya daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşüb.
Azərbaycanın ABŞ-la uğurlu əməkdaşlıq əlaqələri qurduğunu vurğulayan səfir bu əlaqələrin təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar üzərində yaradıldığını bildirib. Ölkəmizin ABŞ-ı terrorizmə qarşı mübarizədə dəstəkləyən ilk dövlətlərdən olduğunu qeyd edən diplomat Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Varşava Sammitində iştirakı çərçivəsində ABŞ-ın yüksək rütbəli rəsmiləri, eləcə də Əfqanıstanın prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşlərə istinad edərək, Azərbaycanın Əfqanıstanda, həmçinin dünyanın digər qaynar nöqtələrində sülhün bərqərar olunmasında maraqlı olduğunu vurğulayıb. Səfir eyni zamanda dünyada radikalizm və ekstremizmin artması fonunda Azərbaycanın müasir, əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi və proqressiv dövlət qurduğunu bildirib, Azərbaycanda etnik, dini və cinsi əsasda heç kimə qarşı ayrı seçkiliyin olmadığını qeyd edib. Bu baxımdan Azərbaycan təcrübəsinin beynəlxalq ictimaiyyət qarşısında dayanan bir çox çətinliklərə cavab axtarışında faydalı ola biləcəyi vurğulanıb: "Belə ki, dünya səviyyəli mədəni və idman tədbirlərinin Azərbaycanda keçirilməsi, ölkəmizi dünyada sülh və dialoqun məkanına çevirib".
Səfir Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın 20% ərazisini işğal edib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı hələ də davam etməkdədir. Səfir Ermənistanın gələcəyinin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllindən və qonşu dövlətlərlə normal münasibətlər qurmasından asılı olacağını qeyd edib. O, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın münaqişənin həllində oynadığı müsbət rolu Azərbaycanın yüksək qiymətləndirdiyini bildirib.
Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm işlər gördüyünü vurğulayan səfir bu istiqamətdə atılan addımlardan birinin müasir İpək Yolunun çəkilməsi olduğunu qeyd edib. Ölkəmizin qonşu dövlətlərlə bu yolun çəkilməsi üçün İşçi Qrupu yaratdığını bildirən diplomat müasir İpək Yolu işə düşdüyü zaman Çindən Avropaya yüklərin cəmi 14 günə daşınmasının mümkün olacağını vurğulayıb. Çıxışının sonunda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.