Əməliyyatlar niyə Xankəndidə və ya digər şəhərlərin mərkəzində yox, onların ətrafında dayandı?

24-09-2023, 19:58           
Əməliyyatlar niyə Xankəndidə və ya digər şəhərlərin mərkəzində yox, onların ətrafında dayandı?
Bəri başdan onu deyim ki, mən Ordumuzun sözçüsü deyiləm və dilə gətirdiyim fikirlər öz subyektiv mülahizələrimi əks etdirir.
Mənim fikrimcə, Azərbaycan Ordusu Qarabağın mülki əhalisinə yox, separatçı erməni silahlılarına qarşı mübarizə aparırdı. Xankəndi isə hərbi obyekt yox, mülki şəxslərin yaşadığı şəhərdir. Başqa sözlə, antiterror əməliyyatının hədəfi deyildi.
O ayrı söhbətdir ki, terrorçuların mühüm hissəsi Xankəndidə də yerləşə bilərlər. Amma bizim mentalitetimizdə məşhur bir prinsip var: “Bir günahsız adamın burnu qanayınca, 100 günahkar adam toxunulmamış qalsın”. Azərbaycan Ordusunun antiterror əməliyyatları sahəsindən paylaşdığı bir çox görüntülər bizim əsgərlərimizin də məhz bu prinsiplə hərəkət etdiyini göstərir. Silahlı Qüvvələrimizin paylaşdığı bir videoda aydın görünür ki, hərbi hissənin yanında mülki şəxsləri sezincə, silahlı dronlarımız atəş açmaqdan yayınmış və başqa hədəflərə kilidlənmişdilər. Bu da Ordumuzun mülki şəxslərin həyatına nə qədər əhəmiyyət verdiyini gözlər önünə sərir.
Digər tərəfdən, hərbi əməliyyatların son mərhələsində ermənilər ağ bayraq qaldırmış və təslim olduqlarını bildirmişdilər. Azərbaycan Ordusu da öz son məqsədinə nail olduğunu düşünmüş və atəşi dayandırmış, olduğu yerdə qalmışdır. Ermənilərlə danışıqlar başlamış və onlar qarşısında şərtlə qoyulmuşdu: silahları yerə qoyub ya Azərbaycanın vətəndaşlığını qəbul edəcəksiniz, ya da şələ-şülənizi yığışdırıb istədiyiniz ölkəyə gedəcəksiniz. Görünən budur ki, ermənilər də bu şərtləri qəbul edib və bəziləri Qarabağdan çıxmağa başlayıblar. Sözsüz ki, Azərbaycanın məqsədi qan tökmək olmadığından hərbi əməliyyatları da davam etdirməmiş, ermənilərin öz öhdəliklərini yerinə yetirmələrinə şərait yaratmışdı.
Ən önəmli səbəblərdən biri də hərbi əməliyyatların ilk mərhələsinin bitməsi, ikinci mərhələnin başlaması üçün hazırlıqların görülməsi ilə əlaqədardır. Belə ki, Xankəndi və digər şəhərlərin girişində dayanan əsgərlərimiz daha da irəliləsəydilər, küçə savaşlarına girməli olacaqlardı. Bu isə daha artıq itki verməklə nəticələnəcək və mülki əhaliyə də zərər dəyəcəkdi. Görünən budur ki, əsgərlərimiz irəliləməyi dayandırmaqla ya erməni silahlılarına şəhərdən çıxıb getməyə şərait yaradır, ya da bu gerçəkləşməyəcəyi təqdirdə mülki əhalini ordan çıxarıb əməliyyatı davam etdirmək istəyir. Hər iki ehtimal təqdirə layiqdir.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.