Azərbaycanda anklavın süqutu erməni diasporunu heyrətdə qoyub, xəyalını alt-üst edib...

30-09-2023, 08:53           
Azərbaycanda anklavın süqutu erməni diasporunu heyrətdə qoyub, xəyalını alt-üst edib...
Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi Tomas de Vaal hesab edir ki, Dağlıq Qarabağ sələfləri soyqırımdan əziyyət çəkən erməni diasporu üçün “bir növ yeni bir motivasiyaya” çevrilmişdi.
"Bu, bir növ yeni erməni dövləti, yeni erməni torpağının doğuldu təəssüratı yaradırdı və bu yeni dövlətə böyük ümidlər bəslənirdi. Mən deyərdim ki, çox qeyri-real ümidlər idi", - deyə o əlavə edib və bunun, yəni erməni diasporunun yaratdığı illüziyanın Qarabağ ermənilərini Azərbaycana qarşı müqavimət göstərməyə təşviq etdiyini bildirib. Baxmayaraq ki, onların separatçı hökumətinin beynəlxalq səviyyədə kimsə tanınmırdı...
Ermənilər bu əraziyə öz mədəniyyətlərinin beşiyi kimi baxırlar, yaşı min ili ötən monastırlarla öyünürdülər.
Livanın ən böyük erməni qruplaşması olan Erməni İnqilabi Federasiyasının rəhbəri, livanlı deputat Haqop Pakradunyan isə belə deyir: “Artsax və ya Dağlıq Qarabağ yüz illərdir ermənilərin torpağıdır”. “Artsax xalqı yeni soyqırıma, XXI əsrdə ilk soyqırıma məruz qalır”.
Təqdim etdiyim bu mətn nəhəng media şəbəkəsinə malik olan “CTV News” saytında gedən “The fall of an enclave in Azerbaijan stuns the Armenian diaspora, extinguishing a dream” (Azərbaycanda anklavın süqutu erməni diasporunu heyrətdə qoyub, xəyalını alt-üst edib) adlı məqalədə belə deyilir.
Tomas de Vaal sıradan siyasi analitik deyil. O, Qərbin Qarabağ məsələsi üzrə əsas eksperti sayılır. O, açıq mətnlə deyir ki, ermənilər Qarabağda ikinci erməni dövləti qurmaq istəyirdi. Beynəlxalq erməni diasporu Qarabağ ermənilərini Azərbaycanın reinteqrasiya təkliflərinə müqavimət götərməyə təşviq edirdi.
Təqdim etdiyim mətndə ikinci əsas məqam genosid söhbəti ilə bağlıdır. Ermənilər bu genosid sözündən o qədər sui-istifadə ediblər ki, artıq istehza doğurur. Ermənilərin məntiqinə görə, XX əsrdə də, XXI əsrdə də ilk genosid ermənilərlə bağlı olub. Birinci genosidi Türkiyə türkləri, ikinci genosidi isə azəri türkləri törədib. Ümumiyyətlə, türklərin işi-gücü erməniləri genosidə uğratmaqdan ibarətdir...
Yaşı min ili ötən monastırlar isə albanlara məxsusdur. Hətta ermənilərə məxsus olsa, bu, heç nəyi dəyişmir. Çünki islam coğrafiyasında yüzlərlə monastır var. Müsəlman hökümdarlar dini azlıqlara qarşı son dərəcə tolerant olublar. Hətta bir çox hallarda monastırları dövlətin hesabına tikdiriblər. Ancaq ermənlərin yanaşması isə belədir ki, monastır varsa, deməli o yerin sahibi emənilərdir. Biz də vətənsiz, elsiz-obasız köçəri tayfalarıq. Şərqdən gəlib Qərbə getmişik, Şimaldan vurub Cənubdan çıxmışıq. Mal-heyvan sürüsü otarmaqla başımız qatmışıq. Ancaq ermənilər isə monastır tikiblər, elmlə məşğul olublar, tarix yaradıblar...
Tarix demişkən, erməniləri tarixdən silsək heç nə dəyişməyəcək. Ancaq türklərsiz dünya tarixində böyük boşluqlar yaranardı.
Hə, bir şeyi də deyim. O gün "Forbec"də oxudum. Yazır ki, Co Baydenin Orta Asiya liderlərini Amerikada birgə qəbul etməsi təsadüfi deyil. Türkiyə və Azərbaycan da bu tərəfdən Orta Asiyaya can atır. Türk Birliyi getdikcə formalaşır, yenidən şəkillənir. Və Amerika bu prosesə diqqqət edir...
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.