“Rusiya Baxmutdan çıxmağa hazırlaşır” –

30-09-2023, 12:37           
“Rusiya Baxmutdan çıxmağa hazırlaşır” –
Rusiya hərbi komandanlığı Melitopol və Berdyanskın müdafiəsini gücləndirmək üçün cənubda və şərqdəki bəzi mövqelərini təhvil verməyə hazırdır.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında bildirib.

İnstitutun mütəxəssisləri Rusiyadakı özəl mənbələrə istinadla qeyd edirlər ki, hətta Rusiya ordusu Baş Qərargah rəisi Valeri Gerasimov Melitopolu və Berdyanskı qorumaq, Ukrayna qoşunlarının öz artilleriyasını Krıma yaxınlaşdırmasının qarşısını almaq üçün Baxmut şəhərindən çıxmağa hazırdır.

Hesabatda bilıdirilir ki, Gerasimov Tokmak ətrafında müdafiəni gücləndirərək, Melitopolu və Berdyanskı qorumaq istəyir. Çünki Ukrayna Ordusu məhz bu istiqamətdə irəliləyəcəyi halda, Rusiyanın Ukraynadakı qoşun birləşmələri iki hissəyə bölünə və Krıma real təhlükə yarana bilər.

Ancaq bütün bunlarla yanaşı, mütəxəssislər son zamanlar Rusiyadakı özəl mənbələrin, sosial şəbəkələrin Rusiya seqmentinin və mətbuatın aktiv şəkildə yaydığı bu məlumatın Valeri Gerasimova qarşı informasiya müharibəsi ola biləcəyini də istisna etmirlər. Çünki Rusiya informasiya məkanında Gerasimova qarşı kampaniyalara mütəmadi olaraq rast gəlinir ki, bu da Rusiya rəhbərliyindəki daxili çəkişmələrin təzahürüdür. Bu kontekstdə qeyd olunur ki, Gerasimov bir müddət əvvəl general-polkovnik Mixail Teplinskini Ukraynadakı Rusiya qoşunları komandanının müavini vəzifəsindən azad edib. Ona görə də ola bilsin ki, Gerasimovun Baxmutu təhvil verməyə və bir sıra digər mövqelərdən çəkilməyə hazırlaşdığına dair məlumatlar Gerasimovu gözdən salmağa və Teplinskinin mövqeyini gücləndirməyə xidmət edir.

Lakin bütün bunlarla yanaşı, onsuz da Ukrayna cəbhəsində Rusiyanın digər istiqamətlərdəki qüvvələrini Tokmak, Melitopol və Berdyansk istiqamətlərinin gücləndirilməsi üçün toplandığı müşahidə olunur. Bunun nəticəsidir ki, daha əvvəl Rusiyanın Kupyansk və Svatovo istiqamətində müşahidə olunan aktivliyi və hücum cəhdləri demək olar ki, dayanıb. Çünki həmin qüvvələrin əhəmiyətli hissəsi Zaporojye cəbhəsinə köçürülməkdədir. Bu isə Rusiyanın sözügedən istiqaməti gücləndirmək üçün Baxmutdan çıxmaq niyyətinin real olduğunu göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.