Türkiyə Qarabağ prosesində: Ankara İrəvanı...

15-07-2016, 10:38           

Rusiya-Türkiyə münasibətlərinin düzəlməsi ilə Dağlıq Qarabağ prosesində açılan yeni mərhələ problemin həllini bu iki dövlətin inhisarına verir.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri bildirib ki, indiki həssas məqamda Türkiyənin Qarabağla bağlı mövqeyinin əvvəlki kimi prinsipial olması mühümdür:

“Rusiyanın məsələ ilə bağlı təklif etdiyi həll variantları Azərbaycanın tələblərinə uyğun gəlmir. Belə bir kontekstdə Türkiyənin bölgədə münasibətlərin qaydaya düşməsində maraqlı olması prosesdə böyük rol oyanacaq. Ankaranın strateji maraqları Ermənistanla da münasibətləri yaxşılaşdırmağı, hətta lazım gələrsə, Qars müqaviləsini işə salmağı tələb edir. Azərbaycanla münasibətlər onsuz da yüksək səviyyədədir. Sözsüz ki, prosesdə həlledici rol Azərbaycana məxsusdur. Bakının kompromis limiti çoxdan bitib. Azərbaycanın qarşısında duran əsas məsələ çox uzanmadan işğal edilmiş ərazilərdən ermənilərin çıxarılmasıdır. Bu, ermənilərə yüksək status vəd edir və bu məsələni danışıqlar prosesində həll etmək niyyətindəyik. Çavuşoğlunun Bakı səfərində Azərbaycan və Türkiyə ortaq strategiya formalaşdıracaq. Sözügedən strategiya isə danışıqlar prosesində masaya yatırılacaq”.

Politoloq hesab edir ki, Türkiyə Rusiya və Ermənistanı danışıqların beynəlxalq hüquq normaları çərçivəsində aparılmasına yönləndirə bilər:

“Ankara bunun əvəzində sülh yarandıqdan sonra həmin dövlətlərin iqtisadi inkişafına verəcəyi töhfələrindən istifadə edəcək. Bu isə sülhyaratma prosesində inkişaf edəcək, blokada aradan götürüləcək, diplomatik münasibətlər yaradılacaq, ermənilərə Türkiyədə hər cür imkan veriləcək. Bütün bunlar o zaman baş tutacaq ki, Ermənistan Qarabağa olan cəfəng ərazi iddialarından əl çəkəcək. Güman edirəm ki, Türkiyə danışıqlar prosesinə böyük töhfələr verə, vəziyyəti yumşalda bilər. Türkiyə xarici işlər naziri Bakıya xeyli maraqlı, konstruktiv və bölgədə müharibə vəziyyətinin aradan qaldırılmasına kömək edəcək təkliflərlə gəlir. Bu təkliflər isə Bakı tərəfindən çox müsbət qarşılanacaq”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 14-15 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq. Görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.