ABŞ və Rusiya Qarabağ münaqişəsini hansı yolla həll etmək istəyir? - Problemin həlli ilə bağlı danışıqların gizlinləri
15-07-2016, 18:12
Dünən Moskvada ABŞ dövlət katibi Con Kerri və RF prezidenti Vladimir Putin arasında aparılan danışıqlar zamanı Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə edilib. Xatırladaq ki, iyunun 20-də Putin Sankt-Peterburqda İlham Əliyev və Serj Sərkisyanla görüşüb. NATO-nun Varşava sammitinin kuluarlarında isə Fransa prezidenti Fransua Olland iki prezidentlı ayrı-ayrılıqda bir araya gəlib. Görünən budur ki, Qarabağ cəbhəsindən atəşkəsin pozulması dünya güclərinin diqqətindədir. Görünən budur ki, Vaşinqton Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulmasından narahatlıq duyur. ABŞ sərhəd bölgəsində atəşkəsin pozulmasından daha çox Azərbaycan və Ermənistanın vasitəçilərin fəaliyyətini bloka almalarını qıcıqla qarşılayır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir. “Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük”, - deyə M. Cavuşoğlu vurğulayıb. O qeyd edib ki, Ermənistan bu cür təhriklərdən çəkinməlidir: “Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Minsk Qrupunun tərkibində Türkiyə də var. Minsk Qrupunun həmsədrləri bazar ertəsi Ankaraya gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.
Yaranmış vəziyyətdə Qərb ən optimal yol kimi zorən sülhə nail olmağı nəzərdən keçirə bilər. Siyasi araşdırmaçıların fikrincə, Şimali Qafqazda terrorizmin baş alması, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalının davam etməsi, həmçinin Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyi zorən sülh variantını aktual edir. Qarabağ savaşında yenidən silahların dillənməsi Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir. Vladimir Putin Cənubi Qafqazın Rusiya tərəfindən işğalına nail olacağına dair bəyanatlar verir.
ABŞ Rusiyanın Dağlıq Qarabağda faktiki olaraq öz hərbiçilərini yerləşdirməsini həzm edə bilmir. Odur ki, ABŞ Azərbaycanda hərbi qoşunlarının yeridilmə zərurətindən açıq şəkildə danışmağa başlayıblar.
Qeyd edək ki, Vaşinqton strateji bölgə olan Azərbaycana nəzarəti ələ keçirmək planına çoxdan malikdir. İranla ciddi problemlər, habelə Yaxın Şərqə qoşunlarının göndərilməsi baxımından Azərbaycan kimi platsdarma Vaşinqtonun ehtiyacı var. Onu da vurğulayaq ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstana qoşun yeridərkən, Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskvanın qarşıdurması açıq müstəviyə keçdi. Digər tərəfdən, Ermənistanda, Gürcüstanın işğal olunmuş ərazilərində - Abxaziya və Cənubi Osetiyada bölgələrində, habelə Dağlıq Qarabağda rus qoşunları mövcuddur. Bu amil də ABŞ-ı Azərbaycanda hərbi bazalara sahib olmasını zəruri edən faktlar sırasındadır. Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi ABŞ qoşunlarının Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır.
Daha bir mühüm amil yuxarıda qeyd etdiyimiz kimi, 2008-ci ilin avqustunda baş verən hadisələr idi. Rusların Gürcüstanı az qala işğal etməsi göstərdi ki, nə Tiflis, nə Bakı öz təhlükəsizliyini müstəqil şəkildə həyata keçirməyə qadir deyil. Bu baxımdan rəsmi Bakı və Tiflis bu məsələdə seçim etməyə məhkumdur. Düzdür, Azərbaycanda xarici hərbi birləşmələrin olması məsələsi qanunvericilik səviyyəsində həll olunmalıdır. Lakin Amerika əsgərləri ilkin mərhələdə müvəqqəti olaraq Azərbaycana gələ bilərlər, növbəti mərhələdə isə bu məsələnin qanunverici həllini tapmaq mümkündür.
Yaxın Şərqdəki son proseslər, İran, Əfqanıstan, İraq problemləri, Rusiyanın Azərbaycan və Gürcüstana hərbi müdaxilə təhdidləri də ABŞ qoşunlarının ölkəmizə gəlişini xeyli dərəcədə aktual edir. Lakin bu məsələdə rəsmi Bakının razılığının alınması problematik görünür. Azərbaycan hakimiyyətinin belə bir qərara razılıq verməsi, Tehran və Moskvanın qəzəbinə səbəb ola bilər, odur ki, Bakıya Vaşinqton tərəfindən kompensasiya ödənməlidir.
Görünür, son zamanlar Azərbaycana qarşı artan təzyiqlər də məhz bu amillə bağlıdır. Bəzi məlumatlara görə, rəsmi Bakı buna razılıq verərsə, ölkə rəhbərliyinin ABŞ səfəri təşkil oluna bilər və yüksək səviyyələrdə keçiriləcək bu görüşlərdə rəsmi Bakı Amerika qoşunlarına “yaşıl işıq” yandıra və əvəzində hakimiyyət üçün hava və su kimi zəruri olan siyasi dəstək qazana bilər. Lakin diplomatiyada kəskin dönüşlər rəsmi Bakı üçün təhlükəli ola bilər. Odur ki, Azərbaycan hakimiyyəti birmənalı seçim etmək istəmir. Yaranmış situasiyada balans siyasəti daha məqbul hesab edilir. Heç də sadə olmayan geosiyasi situasiyada Bakı soyuqqanlı qərarlar vermək zorundadır. Müşahidələr onu deməyə əsas verir ki, “açıq qapı” siyasəti davam edəcək...
Avropa.info-nun ekspert qrupu